Qidanın kalorisi uşaqların yaş qrupuna görə dəyişməlidir

Bağçalarda xüsusi normativ qaydalara mütləq əməl olunmalıdır

Qida Təhlükəsizliyi Agentliyi məktəbəqədər təhsil müəssisələrində yoxlama aparıb.  Kobud pozuntu faktları aşkar olunan 183 məktəbəqədər təhsil müəssisəsinin rəhbər şəxsləri barəsində inzibati qaydada tədbir görülüb. Bu barədə AQTA-nın əməkdaşı Şəhla Yusifzadə məlumat verib. Onun sözlərinə görə, bu il oktyabrın 4-dən ölkə üzrə fəaliyyət göstərən bütün məktəbəqədər təhsil müəssisələrində yoxlamalara başlanılıb

Bunların sayı 1622-dir. "Dekabrın 1-nə olan statistikaya görə, 220 müəssisədə dövlət nəzarət tədbirləri başa çatıb. 205 müəssisədə 1236 nöqsan aşkarlanıb. Bütün bu monitorinqlərin yekunu olaraq məktəbəqədər təhsil müəssisələrində qidalanmanın düzgün təşkil edilməsinə dəstək məqsədilə həm Bakıda, həm də bölgələrimizdə fəaliyyət göstərən uşaq bağçaları və körpələr evi rəhbərlərinin və məsul şəxslərin iştirakı ilə təlim keçirilib. Bu təlimlər artıq silsilə xarakteri daşıyır və davam etdiriləcək". Ş.Yusifzadə bildirib ki, dövlət bağçalarında yoxlamalar yekunlaşdıqdan sonra ikinci mərhələdə özəl bağçalarda da yoxlamalara start veriləcək.

Məsələylə bağlı “Şərq”ə danışan AQTA yanında İctimai Şuranın üzvü, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, bağçalarda kobud pozuntular əsasən 3 istiqamətdə müəyyən edilib:

- Birincisi, qidaların kalorisinin uşaqların tələbatına uyğun olmamasıdır. Qidanın kalorisi uşaqların yaş qrupuna görə dəyişməlidir. Bunun üçün xüsusi normatov qaydalar var. 

Büğçalarda buna mütləq əməl olunmalıdır.  İkincisi, sanitar-gigiyenik qaydalara əməl edilməsidir. Mətbəxlər normalara uyğun olmalıdır. 

Üçüncüsü, qidaların, ərzağın saxlanma şəraitidir. Ərzaq sənaye malları ilə eyni yerdə saxlanmamalıdır. İstər dövlət məktəbəqədər müəssisəsi olsun, istərsə də özəl bağçalar, hər yerdə qaydalara riayət edilməlidir.