ÜST baş direktorundan kritik XƏBƏRDARLIQ! – “Daha ölümcül variantın ortaya çıxması çox realdır"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Dr. Tedros Adhanom Qebreyesus "Covid-19"un "Omicron" ştammı ilə bağlı xəbərdarlıq edib. O qeyd edib ki, sözügedən ştammın son variant olduğunu iddia etmək təhlükəlidir. 
"Sherg.az" "Cumhuriyet"ə istinadən xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində ÜST-nin 150-ci İcraiyyə Şurasının iclası videokonfrans üsulu ilə başlayıb. Qebreyesus epidemiyanın sonunun gəlməsi haqqında düşünməyin təhlükəli olduğunu  izah edib:

"Omicron”un son variant olacağını və ya oyunun sonu olduğunu düşünmək təhlükəlidir. Əksinə, qlobal miqyasda  daha ölümcül  variantın ortaya çıxma potensialı çox realdır" .

O, buradakı  nitqində epidemiyanın başlamasından sonrakı iki il ərzində dünya üzrə 350 milyon yoluxma halının və 5,5 milyon ölüm hadisəsinin olduğunu bildirib:

 "Hamımız bilirik ki, bu rəqəmlər çox daha yüksəkdir".

Keçən həftə orta hesabla hər üç saniyədə bir ÜST-ə 100 yoluxma faktının bildirildiyindən bəhs edən  T.A.Qebreyesus hər 12 saniyədə bir insanın "Covid-19"dan öldüyünü qeyd edib.

Həmçinin o, "Covid-19"dan ölümlərin  peyvəndləmənin ən az olduğu Afrikada artmasına diqqət çəkib.

Cəmilə ƏZİM