Karantin müddəti 7 günə endirilib! – Zərərləri olacaqmı? 

Azərbaycanda koronavirusa yoluxanlar üçün karantin müddəti 7 günə endirilib. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Bunun səbəbləri barədə “Sherg.az”a danışan İnfeksionist - hepatoloq Mərdan Əliyev  bildirib ki, karantin müddətinin 7 günə endirilməsi beynəlxalq təcrübə ilə bağlıdır:

 “Bilirsiniz ki, “Omicron”  variantı bizə yeni gəlsə də, Avropa  və Türkiyədə  iki aya yaxındır ki, mövcuddur.  Onlarda da bu müddət 14 gündən 7 günə endirilib. Bizim ekspertlər də 7 günün kifayət etdiyini müşahidə ediblər və xarici təcrübəyə əsasən, həmin müddət azaldılıb. Bu onunla əlaqəlidir ki, artıq vaksinasiya olunanların  və  xəstəlikdən sağalanların sayı artıb. Eyni zamanda, virusun yoluxdurma qabiliyyəti  xəstəliyin 1 və 2-ci  günü çox olur. Bundan sonrakı günlərdə yoluxma qabiliyyəti  kəskin sürətdə zəifləyir.  

Ölkəmizdə “Omicron”a yoluxmada sürətli artım var. Bundan sonra da artım gözlənilir . Bütün bunları nəzərə alaraq  karantin müddəti 7 günə endirilib. Amma bu o demək deyil ki, 7 gündən sonra şəxs mütləq çölə çıxmalıdır. Tövsiyə olunur ki,  əgər şəxsin qızdırması 6-7-cü gün də davam edirsə, həmin  şəxs ehtiyatlı davranmalıdır. Birinci növbədə öz sağlamlığını düşünməlidir. Həmçinin, sonrakı bir həftə ərzində tibbi maskalardan istifadə etməlidir”.

Çimnaz Şahlar