Tatlısəs xəstəxanadan birbaşa səhnəyə çıxıb

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs iki gün öncə Bodrumda yol qəzası keçirib. Mikroavtobusla pikapın toqquşması nəticəsində baş verən qəzada 5 nəfər yaralanıb. Uzun prosesdən sonra Tatlısəs avtomobildən çıxarılıb və xəstəxanaya çatdırılıb.
  "Sherg.az" NTV-yə istinadən xəbər verir ki, Acıbadem Bodrum xəstəxanasına aparılan sənətçinin qəza yerindən fotolarının yayılmaması üçün ətrafı ağ çarşafla sarılıb. Tatlısəsin sağlamlıq vəziyyəti ilə bağlı müalicə aldığı özəl xəstəxanadan yazılı açıqlama verilib. Xəstəxananın baş həkimi, Ortopediya və Travmatologiya mütəxəssisi Nadir Şener müğənninin ümumi vəziyyətinin yaxşı olduğunu söyləyib.
“Xəstəxanamıza gətiriləndə ayıq idi, ümumi vəziyyəti yaxşı idi. Lazımi müayinələr tez bir zamanda edildi. Başında, döş qəfəsi və qarın nahiyəsində heç bir zədə yoxdur. Yalnız ayaq tarağı sümüklərində sınıqlar var. Hazırda sınıqlar üçün əməliyyat gözlənilmir. Neyrocərrahiyyə, ümumi cərrahiyyə, daxili xəstəliklər, kardiologiya və ortopediya mütəxəssisləri tərəfindən müayinə olunan pasiyentimizin müalicəsi davam edir”- deyə doktor bildirib.
  Sənətçi xəstəxanadan buraxıldıqdan sonra Bodrum, Yalıkavada səhnəyə çıxıb. Ayaqları sarğılı əlil arabasında oturaraq musiqi ifa edən Tatlısəs dinləyicilərinə verdiyi sözün üstündə durduğunu deyib.
  Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yol qəzası keçirən sənətçiyə telefonla zəng edərək şəfa diləklərini çatdırıb.