Kəklikotu çayından 5 nəfər zəhərlənib


Ağa Salamov: "Əhaliyə məsləhətim budur ki, kəklikotu və digər müalicəvi bitkiləri tanıdıqları adamlardan alsınlar, ya da tanıdıqları şəxslərə sifariş versinlər"

  Qax rayonunda bir ailənin beş üzvü qidadan zəhərlənib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Rayon sakinləri - 64 yaşlı Xanım Xəlilova, onun oğlu 40 yaşlı Məhəmməd Xəlilov və gəlini Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi bildirilib. İlkin ehtimala görə, hadisəyə kəklikotunun içərisində zəhərli alaq otlarının da qəbul edilməsi səbəb olub. Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şəki regional qrupu faktı təsdiq edilib. Qeyd olunub ki, 5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Vurğulanıb ki, faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək. TƏBİB-in məlumatında qeyd olunur ki, dekabrın 11-i saat 23:26 radələrində 2-si azyaşlı olmaqla 5 nəfər zəhərlənmə səbəbi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib, saat 02:30 radələrində isə ambulator müalicə üçün evə buraxılıblar. Eyni zamanda həmin şəxslər bu gün yenidən müayinə üçün tibb müəssisəsinə dəvət olunublar.
 
 Qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov “Şərq”ə açıqlamasında qeyd etdi ki, qidalara əlavə, ədviyyat kimi istifadə olunan, müalicəvi otlar düzgün istifadə edilmədikdə orqanizmdə fəsadlar yarada bilir: 

- Kəklikotu, əhalinin geniş istifadə etdiyi ətirli, dadlandırıcı, həm də müalicəvi bitkidir. Kəklikotunun bir deyil, bir neçə növü var, məsələn, qızılgül, limon kəklikotusu… Naxçıvanda, Gədəbəydə yetişən kəklikotu xüsusilə məşhurdur, ətrinə, dadına görə. Amma kəklikotunu da necə gəldi istifadə etmək olmaz. Qan təzyiqi problem yaşayanlar diqqətli olmalıdır. Həkimlə məsləhətləşmədən bu otdan istifadə etmək qan təzyiqini aşağı sala və ya yuxarı qaldıra bilər. Bu da özünü baş ağrısı ilə göstərəcək. Bölgələrdə əhali kəklikotunu hardan oldu toplayır, çox adam otları tanımır deyə, kəklikotunun arasına başqa bitkilərin qarışması və onların zəhərli, ziyanlı olması da mümkündür. Ola bilər, hansısa zəhərli bitki təsadüfən kəklikotunun içinə qarışıb, amma onu toplayan bunu bilmədiyindən elə də satıb və ya bitkini toplayan adam evə gətirib və ondan istifadə ediblər. Küçədəki səyyar satıcılardan müalicəvi otlar, eləcə də kəklikotu almaq məsləhət deyil. Əhaliyə məsləhətim budur ki, kəklikotu və digər müalicəvi bitkiləri tanıdıqları adamlardan alsınlar, ya da tanıdıqları şəxslərə sifariş versinlər. Əgər belə tanış şəxs yoxdursa, insan özü də otların xeyirli-ziyanlı olanını tanımırsa, yaxşısı budur, xüsusi satış yerlərindən əldə etsin. Apteklərdə müalicəvi otlar satılır, “yaşıl apteklər” var, paytaxtda. Belə yerlərdə müalicəvi otları əldə etmək çətin deyil. Marketlərdə də paketlənmiş qaydada kəklikotu da satılır, digər ədviyyatlar da. Həm apteklərdə satılanlara etibar etmək olar, həm də marketlərdə. Çünki belə satış mərkəzlərində satışa çıxarılan müalicəvi otların, ədviyyatların satışına rəsmi icazə verilir. Onlar standartlara uyğun olurlar. 
  Mütəxəssis bildirdi ki, kəklikotu ilk baxışda adi, sadə bitki kimi görünə bilər. Lakin onun da özünəməxsus xüsusiyyətləri var: 
- Kəklikotunun ilin hansı fəslində, nə zaman, haradan toplanması önəmlidir. Bunu bölgələrdə yaşayan, təcrübəli şəxslər bilir. Kəklikotunun qurudulma qaydası var. Gərək günəş şüaları altında qurudulsun, rütubətli mühitdə yox.  Müalicəvi, eləcə də qidalarda istifadə olunan bitkilərin, ədviyyatların saxlanma qaydasına da düzgün əməl edilməlidir. Rütubətli mühitdə bitkilər kif atır, faydalı xüsusiyyətlərini itirir. Faydalı olmalıykən, əksinə, ziyanlıya çevrilir.