Dünya daha əvvəlki kimi olmayacaq

Həyat şərtləri ağırlaşdıqca xəstəliklər də artır

Təkcə tibbi maska deyil, kütləvi istifadədə olan dərmanların istehsalı da təşviq edilməlidir

  Pandemiya yavaş-yavaş sönsə də, mütəxəssislər əhaliyə ehtiyatı əldən verməməyi, sanitar-gigiyena qaydalarına yenə də ciddi əməl etməyi, xüsusən ictimai yerlərdə, əhalinin sıx olduğu, məsələn, ictimai nəqliyyat kimi qapalı məkanlarda tibbi maskalardan istifadə etməyi məsləhət görür. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında 17,6 milyon maska istehsal edilib, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz azdır. 
  Sumqayıt Kimya Sənaye Parkında yerləşən “Bakı Tekstil Fabriki” MMC-nin tibbi maska istehsalı müəssisəsinin hazırda 10 milyon tibbi maska və maska xammal ehtiyatı var. Bunu “Report”a açıqlamasında tekstil fabrikinin rəhbəri Səkinə Babayeva deyib. “Əlimizdə maska istehsalını saxlamaqda məqsədimiz, fövqəladə hallar olan zaman əhalini təmin etməkdir. Çünki tibbi maska strateji məhsuldur. Biz bilirdik ki, bizim müəssisənin yaradılması sosial layihədir. "Bakı Tekstil Fabriki" üçün ayrılan 1,2 milyon manat güzəştli kredit əsasında maska istehsalı yaratdıq və birinci ildə nəzərdə tutulmuş 370 milyon ədəd əvəzinə 120 milyon ədəd həcmdə məhsul istehsal etdik”, - deyə o bildirib. Onun sözlərinə görə, hazırda müəssisədə iki istehsal xətti maska istehsalı üçün saxlanılıb: “Digər iki xətti isə başqa bir fəaliyyət istiqaməti üçün saxlamağı hədəfləyirik. Yaxın vaxtlarda iki xəttin fəaliyyət istiqamətini elan edəcəyik, hələ ki bu, kommersiya sirridir”.
  S.Babayeva hesab edir ki, "Bakı Tekstil Fabriki" kimi müəssisələr yarandığı zaman, əgər o, ölkənin tələbatını ödəyirsə, dərhal xaricdən gətirilən analoji məhsullara qadağa və ya hər hansı məhdudiyyətlər qoyulsun: “İstehsal zamanı məhsul iki aydan sonra satışa çıxarılır və arada marja fərqi yaranır. İdxalçılar maskanın bir ədədini 20 qəpiyə satır, biz isə 11 qəpiyə təklif edirik və bu fərq hesabına apteklər çox böyük qazanc əldə edirlər. Düşünürük ki, Dövlət Vergi Xidməti eyni zamanda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti buna diqqət etməlidir. Qiymət rəqabəti və daxili istehsalı qoruyub saxlamaq üçün güzəştlər tətbiq olunmalıdır. Yarana biləcək hər hansı problemlərin həlli üçün isə Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Nazirlər Kabineti arasında bir işçi qrupun daim olması mütləqdir”. O qeyd edib ki, bir çox məhsullar var ki, onlara dövlət dəstəyi olmalıdır: “Məsələn, Türkiyəni nümunə göstərə bilərik. Bir neçə ayın içərisində ən azı 11 dəfə maska istehsalı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib. Ölkədə maska istehsalı təşviq edilir. Düşünürəm ki, biz buna bir az vərdiş etməliyik”. 
  Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında zəruri tibbi ləvazimatların ölkədə istehsalının mühüm əhəmiyyət daşıdığını dedi: 
- Pandemiya dövründə gördük ki, ən zəruri tibbi ləvazimatlara necə böyük ehtiyac yarandı. Tibbi maskaların istehsalına başlandıqdan və satışı həyata keçirilməyə başlananda tibbi maskalara yaranmış tələbat ödənməyə başladı, vətəndaşlar rahat şəkildə apteklərdən onu əldə etdilər. Dünya artıq əvvəlki deyil, əvvəlki, daha az və daha az təhlükəli viruslu dünyaya qayıtmaq da mümkün olmayacaq. Həyat şərtləri ağırlaşdıqca, xəstəliklər də artır, onlardan qorunmaq yolları da çətinləşir. Pandemiya dövründə yoluxmanın qarşısının alınmasında fiziki məsafə saxlamaq, tibbi maskalardan istifadə etməyin necə böyük əhəmiyyət daşıdığı da məlum oldu. Hazırda da qrip virusları dolaşır və görürük ki, əhali arasında qrip viruslarına yoluxma halları artır. Bundan qorunmağın yolu yenə də kütləvi yerlərə az getmək, ictimai yerlərdə qoruyucu maskalardan istifadə etmək, əlləri tez-tez yumaq, dezinfeksiya etməkdir. Xüsusən də uşaqları qorumaq lazımdır. Ölkədə tibbi maska istehsalı tələbatı ödəyirsə, əlbəttə, istehsalı saxlamaq və stimullaşdırmaq vacibdir. Bunun yollarını, mümkün vasitələri də yəqin ki, hökumətdə bilirlər. Təkcə, tibbi maska deyil, digər ilkin tibbi yardım vasitələri, tibbi ləvazimatların, hətta zəruri, daha çox ehtiyac duyulan, kütləvi istifadədə olan dərmanların istehsalı da təşviq edilməlidir. Hazırda dərman preparatları problemi aktualdır. Mütləq daxili istehsal olmalıdır ki, idxaldan asılılıq azalsın. Belədə əhalinin dərman preparatları ilə təminatını yaxşılaşdıra bilərik.