Şagird və tələbələr üçün sağlam qida menyusu tərtib edilməlidir


Bunu sağlam qida mütəxəssisləri, düzgün elmə yiyələnmiş texnoloqlar edə bilər

  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə fəaliyyət göstərən ali təhsil və ümumtəhsil müəssisələrində yoxlamalar həyata keçirir.  AQTA-nın məlumatına görə, cari ilin noyabr ayının 14-dən başlayan yoxlamalar çərçivəsində ali təhsil və ümumtəhsil müəssisələrində qidalanmanın qanunvericilikdə nəzərdə tutulan normalara uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, onların saxlanması, daşınması, realizə olunması, markalanma və qablaşdırılmasına dair tələblərə əməl edilməsi yoxlanılır.

Bununla yanaşı, mütəxəssislər tərəfindən təhsil müəssisələrində yeyinti məhsullarının hazırlandığı və saxlandığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir. Qeyd edilir ki, yoxlamalar zamanı qida təhlükəsizliyi sahəsində qanunvericiliyin pozulması ilə bağlı 23 ali təhsil müəssisəsi və 38 ümumtəhsil müəssisəsinin qida bloklarında nöqsanlar aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb, həyata keçirilən yoxlamaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək. 

  Qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov “Şərq”ə açıqlamasında AQTA-nın fəaliyyətini təqdir etdiyini bildirib: 

- AQTA sağ olsun ki, yoxlamalar aparır və nöqsanları aşkarlayır. Əminəm ki, qida blokunda nöqsanlar aşkarlanmış orta ümumtəhsil və ali məktəblərin bufet və yeməkxanalarında mikro-bioloji çirklənmə, qidanın otaq temperaturunda düzgün saxlanmaması, zibil vedrələri ilə qidaların yaxın məsafədə yerləşməsi, soyuducu sisteminin düzgün tənzimlənməməsi (müsbət 2-4 dərəcədə saxlanmalı olan qidaların müsbət 12 dərəcədə saxlanması), çarpaz çirklənmə (doğrama taxtası, bıçaqlar, eyni bıçaqla fərqli ərzaqların doğranması, qabların yuyulduğu sektor), şagird və tələbələrin orqanizminə ziyan verə biləcək qidaların satılması (istehlak müddəti bitmiş ərzaqlar) baş verib. Bunlar ən çox rast gəlinən nöqsanlardır və təəssüf ki, hər dəfə də eyni nöqsanların təkrarlandığını görürük. Nöqsanlar aşkarlansa da cavabdehlər onların aradan qaldırılmasına çalışmır. Nəticədə şagird və tələbələr qeyri-sağlam qidalanmaya məruz qalır ki, bu da onların sağlamlığına mənfi təsirini göstərir. 
  A.Salamov şagird və tələbələrin sağlam qidalanması üçün vacib olan şərtləri açıqladı: 
- İlk növbədə, şagird və tələbələr üçün sağlam qida menyusu tərtib edilməlidir. Bunu sağlam qida mütəxəssisləri, düzgün elmə yiyələnmiş texnoloqlar edə bilər. Təklif gəlsə, mən bu menyunu könüllü şəkildə, təmənnasız tərtib edərəm. Sağlam qidanın əsasını sağlam ərzaqlar və pəhriz təşkil edir. Pəhriz deyərkən, kimsə düşünməsin ki, söhbət xəstələr üçün tərtib edilən pəhrizdən gedir, xeyr. Pəhriz, orqanizmin normal fəaliyyəti üçün vacibdir. Şagird və tələbələr enerji içkilərindən istifadə etməməlidir, təkrar emal prosesi keçmiş yağda qızardılan qidaları qəbul etməməlidirlər. Hamımız bilirik ki, içində kartof olan kökələri nəinki səhər qızartma tavasına tökülən yağda axşamadək, hətta axşamdan tavada qalmış yağda bişirirlər. Bu, orqanizmdə konserogen maddələrə birbaşa “dəvətdir”. 

Orta məktəblərdə enerji içkiləri, bildiyim qədər satılmır. Ali məktəblərdəsə satılır. Amma şagirdlər dərsdən sonra istədikləri köşkdən enerji içkisi alıb içir. Ali məktəb tələbələri də həmçinin. Enerji içkiləri ona görə ziyandır ki, onların tərkibinə fosfor turşusu əlavə edilir, rəngli və qazlı olduqları üçün. 

Üzərində də yazılır: “soyuq halda için”. Niyə bunu yazırlar, çünki soyuq halda içiləndə tərkibindəki kimyəvi maddə hiss edilmir. Enerji içkisini kimsə soyudulmamış içsə, ürəyi bulanacaq, içə bilməyəcək. Bu içkilər belə istehsal edilir. Guya ki, bədəni enerji ilə təmin edir deyə gen-bol reklam olunurlar. Enerji içkiləri ürəyi ritmini artırmaqla, təbii ritmi pozur. Bir müddət sonra isə verdiyi saxta enerjini orqanizmdən geri alır. Amma təbiisini. 

Orqanizmin təbii enerjisini bədəndən çıxarır. Gənclər arasında ürək çatışmazlığı, baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, yorğunluq... hamısı bu içkilərin hesabınadır. Amma qadağan edilmir onlar. Tələbələrin yediyi nədir, fast-fudlar. Hansı ki bu qida da orqanizmə ziyandır. Həm qazlı, rəngli içkilər, həm də quru yeməklər mədə-bağırsaq sistemini pozur, onikibarmaq bağırsağın zədələnməsinə, mədədə eroziyanın yaranmasına səbəb olur, bunlar da nəticədə xərçəngə gətirib çıxarır. 

Qida təhlükəsizliyi təkcə məktəblə, univeristetlə həll ediləsi iş deyil. Valideynlər də övladlarına düzgün qidalanma qaydalarını öyrətməlidirlər. Əgər uşaq və ya gənc evdə daim qazlı içkilərə, fast-fudlara, kartof-frelərə rəğbət görürsə, məktəbdə yeməsə də, evə gələndə yeyəcək. Valideynlər də sağlam qidalanma barədə məlumatlı olmalıdırlar. Valideynlərin ixtiyarı var ki, məktəb bufetinə  daxil olub, ərzaqların vəziyyətinə baxsın. 

Dövlət qurumları da öz vəzifələrini icra edərək nəzarəti gücləndirməlidir. Ən əsası isə qeyri-sağlam qidaların təhsil müəssisələrinə yol tapmasına imkan verilməməlidir.

  A.Salamov qeyd etdi ki, şagirdlər məktəbə evdən yemək gətirməməlidir: 

- Əsasən  ibtidai sinif şagirdlərinin məktəb çantasına valideynlər yemək qoyur. Amma bu, zülal tərkibli qidadırsa, yəni ət, toyuq, yağlı yeməkdirsə, qətiyyən olmaz.  Bunları məktəbə gətirmək düzgün deyil. Çünki bir müddət qapalı vəziyyətdə, havasız yerdə saxlanan qidanın tərkibində dəyişiklik baş verir. 

Və bu, qarın ağrısı, ishal, ürəkbulanmadan tutmuş, zəhərlənməyə qədər səbəb ola bilər. Uşaq üçün məktəbə yemək qoymaq istəyirlərsə, bu ancaq quru qidalar, quru meyvələr, müxtəlif çərəzlər, meyvə, meyvə suyu olmalıdır. Kənardan gətirilən qidalarda da mikro-bioloji çirklənmə tez baş verir. Qida çantada çirklənməyə məruz qala bilər, uşaq yeməkdən əvvəl əllərini yumayacaqsa, yenə də qidanın çirklənməsi və bakteriyaların orqanizmə düşməsi baş verəcək. 

Şagird və tələbələrin sağlam qidalanmasının təşkili üçün birincisi, menyular düzgün tərtib edilməli, bufet və yeməkxanalar sağlam ərzaqlarla təmin edilərək, onlardan da sağlıqlı  yeməklər hazırlanmalıdır.