Bu nə xəstəlikdirsə, çıxıb getmək bilmir

Vəziyyət koronavirusa “şükür” dedirdəcək həddə çatıb

Pediatr Vaqif Qarayev: “Ən çox narazılıq yaradan qızdırmanın aqressivliyi və dərmana tabe olmamasıdır”
Həkim-infeksionist Mərdan Əliyev: “Aparılan analizlərin heç birində koronavirus müəyyən edilməyib. Təəssüf ki, virusun qripin hansı ştammı olduğunu müəyyənləşdirmək hazırda mümkün deyil”

  Xəstələnənlərin sayının getdikcə artması əhali arasında müxtəlif şayiələr yaradıb. Hazırkı xəstəliyi koronavirusun yeni dalğası, “donuz qripi” ilə koronavirusun qarışığı, hətta “elmə hələ məlum olmayan virus” da adlandırırlar. Səbəb isə sadədir. Birincisi, ölkədə hazırda tüğyan edən qripəoxşar xəstəlik barədə rəsmi orqanların dəqiq açıqlama verməməsi, xəstəliyin konkret adlandırılmamasıdır. İkinci səbəb isə əhali nöqteyi-nəzərindən daha ağlabatan görünür. Bu da xəstəliyin ağır və uzunmüddətli gedişatı, sağalma ərəfəsində yenidən yoluxmaq, əvvəlki vəziyyətə qayıdış, eyni simptomların gah aradan qalxıb, gah da təkrar özünü göstərməsi. 

Əhali məhz buna görə “bu nə xəstəlikdirsə, çıxıb getmək bilmir, gedib qayıdır”, deyir. Vəziyyət koronavirusa “şükür” dedirdəcək həddə çatıb. Naməlum vəziyyət yaxşı deyil. Çünki müalicə üsulu tapılmır. Sosial şəbəkələrdə hamı bir-birinə məsləhət verir, müxtəlif dərmanların adları sadalanır. Həkimlərin bildirdiyinə görə, hazırda dolaşan xəstəlik mövsümi qripdir. Onun ağır gedişatlı olmasınınsa bir çox səbəbləri vardır. Pediatr Vaqif Qarayev sosial şəbəkədə paylaşdığı statusda əhalini ehtiyatlı olmağa çağırıb, xüsusən azyaşlılarla münasibətdə ehtiyatı əldən verməməyi tövsiyə edib: 

- İsti hava Avropanın bir çox ölkələrində müşahidə olunur, viruslar da hər yerə yayılıb. İndiki xəstəliklər müxtəlif variasiyalarda gedir: yüksək qızdırma, qızdırma, üstəgəl, boğaz ağrısı, qızdırma-öskürək-burun tıxanıqlığı, qızdırma-qusma-ishal. Ümumi infeksion əlamətlər də öz yerində. Ən çox narazılıq yaradan qızdırmanın aqressivliyi və dərmana tabe olmamasıdı. Dərmanların keyfiyyəti ilə bağlı iradlarla razılaşmaq olar. Amma dərman qəbulundan sonra qızdırmanın normaya düşməsinə çalışmayın, bu heç lazım da deyil. Uşaqlarda qızdırma üç gündən artıq davam edərsə, mütləq müayinə olunmalıdırlar. Özbaşına antibiotik qəbulu vəziyyəti ağırlaşdıra bilər. Üç yaşına qədər uşaqlarda qusma və ishal varsa, ilk gündən mütləq həkim nəzarətində olmalıdılar. Xalq təbabətindən istifadə qadağan deyil. Hamımızı nənə-babalarımız belə böyüdüb. Amma təhlükəli məqamları qeyd etdim. Çox vaxt həkimsiz keçinmək olmur. Ənənəvi təhlükə yenə də qalır - xəstə uşaqların kollektivə getməsi! Valideynləri narahat edən məsələlərdən biri də uşaqların sağalandan sonra təkrar yoluxmasıdır. Kollektivə gedən uşaq sağalandan sonra təkrar başqa virusla yoluxur. Çalışın, xəstələnməyin!

  Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında hazırda yayılan xəstəliyin mövsümi qrip ehtimalının daha yüksək olduğunu bildirdi: 

- Xəstəliyin yayılması ötən il dekabrın əvvəlindən başlayıb. Xəstəliyin əlamətləri əsasən halsızlıq, baş ağrısı, qızdırma, öskürək, oynaq ağrıları, iştahsızlıq və bir də kəskin bronxitlə müşahidə olunmasıdır. Amma bu, koronavirus deyil. Çünki aparılan analizlərin heç birində koronavirus müəyyən edilməyib. Təəssüf ki, virusun qripin hansı ştammı olduğunu müəyyənləşdirmək hazırda mümkün deyil. Dövlət tibb müəssisələrində bunu müəyyənləşdirə biləcək avadanlıqlar, testlər yoxdur. Paytaxtda 1-2 özəl klinikada bu mümkündür, həkimlərsə analizlərin bahalığı səbəbindən pasiyentləri bu klinikalara göndərə bilmir. Məlumdur ki, yuxarı tənəffüs yolları xəstəlikləri respirator xəstəliklər adlanır. Mövsümi qrip virusları da respirator xəstəliklərə aiddir. Amma mövsümi infeksiyaların da 200-ə yaxın növü mövcuddur. Bunların ən ağırı qripdir. Qripin də adenovirus, paraqrip və sair növləri var. Hesab edirəm ki, hazırda əhali arasında yayılan xəstəlik paraqrip ola bilər. Sadəcə, bu virusları müəyyən etmək mümkün deyil deyə, əlamətlərə görə ehtimal irəli sürülür. 
 
 Xəstəliyin ağır gedişatlı olmasına gəlincə, M.Əliyev bunu virusun xüsusiyyəti ilə izah etdi: 

- Xəstəliyin gedişatı virusun xəstəlik törətmə qabiliyyətindən, virusun xüsusiyyətindən asılıdır. Müraciət edən pasiyentlərin qarşılaşdığı xəstəlik əlamətlərinə əsasən deyə bilərəm ki, hazırkı xəstəlik tanıdığımız, bildiyimiz qrip virusudur. Bu əlamətlər uşaq vaxtı keçirdiyimiz xəstəliklərlə demək olar eynidir. 

Bəzi insanlarda qrip virusu üşütmə, qızdırma, yüksək hərarətlə özünü göstərir. Əhali bilməlidir ki, qızdırma orqanizmin virusa verdiyi reaksiyadır. Bununla orqanizm virusu qəbul edib, onu tanıyır. Orqanizmin virusu tanıması isə xəstəliyə qalib gələcəyi deməkdir. Koronavirus niyə ölüm hallarına, ağırlaşmalara səbəb olurdu, çünki orqanizm o virusu tanımırdı, onunla mübarizə aparmaqda çətinlik çəkirdi. Hərarət yüksəlibsə, dərhal onu aşağı salmağa çalışmaq lazım deyil. Doğrudur, kiçikyaşlı uşaqlar üçün bu mərhələ çətin olur, ağır keçirirlər. Uşaqlarla böyüklərə bu məsələdə yanaşma fərqli olmalıdır. Antibiotik dərmanlara üstünlük vermək lazım deyil. Antibiotiklər xəstənin vəziyyətini ağırlaşdırır. Bədəni vitaminlərlə də çox yükləmək olmaz. 

Dərman preparatlarına minimal yanaşmaq lazımdır. Təbii müalicə üsulları daha effektivdir, çünki orqanizmi yormur, müqavimətini zəiflətmir.