Həkimlər əlini körpədən üzmüşdü 


Bir səndviçi 2 ilə ancaq yeyib bitirə bildi

  Dünyaya gəldi, həkimlər “yeriyə bilməyəcək, müstəqil hərəkət edə bilməyəcək”, dedi. Körpə maqnit rezonans aparatında müayinə olunduqda valideynləri şoka düşüb. Məlum olub ki, körpə yalnız 2 faiz beyinlə doğulub. Bununla belə valideynləri ondan ümidini kəsməyib. Noah adı verilən körpənin inanılmaz həyat hekayəsini “Milliyet.com” təqdim edib.  Körpə İngiltərənin Cumbria bölgəsində, nadir rastlanan xəstəlik – hidrosefali ilə anadan olub. Həkimlər körpənin qısa müddət yaşayacağını, danışa, addımlaya, hərəkət edə bilməyəcəyini söyləyib. Amma hər kəsin “sağ qalmaz, ölər”, dediyi körpə indi 11 yaşındadır və məktəbə gedir, dərslərini oxuyur, sərbəst hərəkət edir. Valideynləri heç vaxt ümidlərini itirməyib. Mütəxəssislərə müraciət edib, körpənin müalicəsini israrla davam etdiriblər. Körpə həkimlərin heyrətinə rəğmən 3 yaşına çatıb. Bu müddətdə olmayan beyninin 80 faizi formalaşıb!  Ayağa qalxa bilib, danışmağa  başlayıb.  Noahın anası 50 yaşındadır və körpəsinin inkişafı barədə bunları deyib: 

“11 yaşlı oğlumun ilk dəfə addım atdığını gördüyümdə gözlərimə inanmadım. Möcüzə oğlum, əlini əlil arabasının tutacağına qoyub, yaşıdları kimi dünyanı seyr etdiyində gözləri parlayırdı. Onunla bağlı qorxunc diaqnozlara rəğmən heç vaxt ümidimi üzmədim. Onun bir gün ayağa qalxacağına heç şübhəm olmadı”. Noah hər gün yeni bacarıqları ilə valideynlərini sevindirir. Köynəyini özü geyinir, corablarını yuxarı çəkir. Bizə baxıb gülür, gülüşüylə də “bunları bacarıram”, söyləyir. Anası oğlunun bir səndviçi təkbaşına yeməsinin 2 ilə başa gəldiyini deyib: “Bir səndviçi 2 il yeyib bitirə bildi, amma bunu bacardığı üçün xoşbəxtəm”. Həkimlərsə bu cür beyin anomaliyası ilə doğulmuş körpələrin bəzən gözlənilmədən inkişaf edə biləcəyini, əksinə, normal xüsusiyyətlərlə anadan olanlarda sonradan qüsurlar ortaya çıxa biləcəyini qeyd edir. Mütəxəssislərin fikrincə, hər şey insanın beyin hüceyrələrinin hansı halda olmasından asılıdır.