Valideynlər peyvənddən ilan vuran kimi qorxurlar

Ona görə bağçayaşlı uşaqlar, məktəb şagirdləri tez-tez xəstələnir

Pediatr Vaqif Qarayev: “Sonra da ah-vay edirlər ki, uşağımız xəstələnir. Xəstələnəcək də, çünki bağçada, məktəbdə də peyvənd olunmamış onun kimi 10-larla uşaq var”
 
  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi - TƏBİB uşaq sağlamlığının qorunmasına dair qurumun tabeliyində olan tibb müəssisələrinin direktorları, struktur bölmə rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirib. Müşavirədə uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər və planlaşdırılan işlərdən danışılıb.  Ana və uşaq sağlamlığı şöbəsinin böyük məsləhətçisi Şəbnəm Şahgəldiyeva uşaqların icbari dispanzerizasiyadan keçirilməsi sahəsində görülən işlər barədə məlumat verərək onlar arasında rutin immunizasiyanın önəmini qeyd edib. O, valideyn himayəsindən məhrum olan uşaqların da hər il dövlət proqramı çərçivəsində dispanserizasiya müayinələrinə cəlb edildiyini, TƏBİB-in tabeliyində fəaliyyət göstərən poliklinikalarda dispanserizasiyadan keçirildiyini vurğulayıb. Ş.Şahgəldiyeva tibbi reabilitasiyanın təşkili, patronaj xidmətinin yeni modelinin tətbiqi, “Körpə Dostu Klinikası” layihəsi haqqında ətraflı bəhs edib: “Xəstə və xəstələnmə riski olan uşaqların bərpa müalicəsinin təşkili məqsədilə 2021-ci il ərzində Uşaq Bərpa Mərkəzinə 20 min 990 müraciət daxil olub. 2 min 528 xəstəyə 23 min 526 fizioterapevtik prosedur, 1 482 xəstəyə 18 min 81 müalicəvi bədən tərbiyəsi prosedurları aparılıb”. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemioloji məsələlər üzrə müavini Afaq Əliyeva çıxışında respublika üzrə peyvəndləmə işlərinin təşkili və nəticələrindən bəhs edib. O, 2018-2022-ci illər üzrə profilaktik peyvəndlərin yerinə yetirilməsi statistikası barədə məlumat verib: “COVID-19 pandemiyası zamanı peyvəndləmə üzrə göstəricilər aşağı düşsə də, 2022-ci ildə yenidən peyvənd statistikasında dinamika müşahidə olunub. Peyvənd təqviminə əsasən, doğulduqdan sonrakı ilk 12 saat ərzində, 2, 3, 4, 6, 12, 18 aylıqlarda, 6 yaşında vurulmalı olan peyvəndlər var. Peyvəndlə idarə olunan xəstəliklərə isə qızılca, məxmərək, epidemik parotit, difteriya, göyöskürək, tetanus, poliomielit xəstəliklərini misal göstərə bilərəm”. TƏBİB-in icraçı-direktoru Vüqar Qurbanov isə qeyd edib ki, bundan sonra da ana və uşaq sağlamlığı, immunizasiya və vaksinasiya prosesləri daim nəzarətdə saxlanılmalı və təkmilləşdirilməlidir. Bununla bağlı tabeli tibb müəssisələri rəhbərlərinə tapşırıqlar verilir.  Müəssisə rəhbərləri qarşısında mövcud nöqsanların qısa zamanda aradan qaldırılması tələbi qoyulub.
  Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında körpələrin peyvəndlənməsinin vacib olduğunu vurğuladı, həkimlərlə yanaşı valideynləri də məsuliyyətli olmağa çağırdı: - Açıq deyirəm ki, uşaqların peyvənddən kənar qalmasının əsas səbəbkarı valideyndir. Sovet vaxtı immunizasiya məcburi idi və dövlətin strateji məqsədlərinə daxil idi. O zaman uşaqlarını peyvənddən kənar saxlayanları hətta milisə (polis) verirdilər. Təzyiq edilirdi ki, uşaqlar mütləq peyvənd olunmalıdır. Amma bu şərtlər də dəyişdi. İndi insan hüquqları, könüllülük prinsipinə üstünlük verilir. Peyvənddən imtina edən valideyn iltizam ərizəsi yazır, bununla da yaxasını kənara çəkir. Yəni sabah hansısa xəstəlik və ya ölüm halı baş versə, məsuliyyət valideynin üzərində qalır. Amma məsələnin bir başqa vacib tərəfi də var axı. Peyvəndlənməyən uşaq da bağçaya gedir, məktəbə gedir və onun başqa uşaqları yoluxdurma ehtimalı böyükdür. Görürsünüz, bağçayaşlı uşaqlar, məktəb şagirdləri tez-tez xəstələnir. Bunun bir səbəbi də vaxtında lazımi peyvəndlərin vurulmamasıdır. Valideynlər peyvənddən, ilan vuran kimi qorxurlar. Doğum evində körpəyə nə vuruldu, vuruldu. Doğum evindən çıxdısa, qurtardı. Peyvənd yada düşmür. Halbuki uşaqların peyvəndlənməsinin xüsusi qrafiki var, Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib. Bunlar mütləq edilməlidir. Uşaqları peyvənddən yayındırırlar, sonra da ah-vay edirlər ki, uşağımız xəstələnir. Xəstələnəcək də, çünki bağçada, məktəbdə də peyvənd olunmamış onun kimi 10-larla uşaq var. Hamı bir-birini yoluxdurur.  
  Pediatr peyvəndlə bağlı əhali arasında yayılan mənfi fikirlərin təsdiqini tapmadığını söylədi: 
- Yoluxucu xəstəliklərə qarşı ən effektiv üsul peyvənddir, bundan başqa hansısa üsul hələ ki tapılmayıb. Qızılca, göy öskürək çox təhlükəli xəstəliklərdir. Bunların qarşısını ancaq peyvəndləmə ilə almaq mümkündür. Ana gətirir uşağı həkimə ki, bəs uşaq öskürəkdən boğulur. Soruşursan, “peyvənd olunub?”, cavab verir ki, “yox”. Niyə? Cavab yoxdu. Ana deyir “nə bilim”. Bəzi valideynlər cahillikdən uşaqlarını peyvənddən uzaq saxlayır. Əhali arasında maarifləndirmə işi güclənməlidir, başa salınmalıdır ki, peyvənd vacibdir. Əhaliyə çağırış edilməlidir. Əyalətlərdə vəziyyət daha pisdir. 
V.Qarayev valideynlərin peyvənd qorxusunun nədən qaynaqlandığını göstərdi: 
- Uşağa peyvənd vurulanda bəzən halı dəyişir, qızdırması qalxır və sair. Valideynlər də bundan qorxur. Həkim başa salmalıdır ki, niyə belə hal baş verir və valideyni məlumatlandırmalıdır. Peyvənd yad zülaldır. O, orqanizmə yeridiləndə müəyyən qədər  mənfi təsir göstərməsi təbiidir. Amma bu təsir qısamüddətli, uzaqbaşı 3 sutka davam edir. Bəzən yerli əlamətlə özünü göstərir, iynənin yeri qızarır, qaşınır, tez də keçir. Bəzən də orqanizm daxilində hansısa mənfi hal baş verir, adətən qızdırma olur. Bu da qısa müddətdə ötüb keçir. Mən 15 il uşaqlara peyvənd vurmuşam, bir dəfə də ağır fəsad olduğunu görməmişəm.  Hər bir pediatr “öz uşağını” tanımalıdır. Sahə həkimləri xüsusilə. Həkim bilməlidir, körpənin hansı problemləri var, hansısa  xəstəliklər keçirib, ya yox. Vaksinasiyanı da buna müvafiq aparmalıdır.