Yeməkdən sonra yuxuya getmək…

Bu, müəyyən xəstəliyin əlaməti ola bilər

  Yeməkdən sonra yuxuya meyillilik hansısa xəstəliyin əlaməti ola bilərmi? Etiraf edək ki, bir çox insan eyni halla üzləşir. Mütəxəssislər hesab edir ki, yeməkdən sonra yuxu basması tez-tez təkrarlanırsa, həkimə müraciət etməkdə fayda var. “Şərq” “Habertürk”ə istinadən bildirir ki, yeməkdən sonra yuxu güc gəlirsə, bu, müəyyən xəstəliyin əlaməti ola bilər. Yeməkdən sonra niyə insanı yuxu basır? Həkimlərin bildirdiyinə görə, həzm sistemi insanın qəbul etdiyi qidaya uyğun enerji sərf edir. Əgər insan bol miqdarda yemək yeyibsə, həzm sistemi daha çox enerjiyə ehtiyac duyur, bununla əlaqədar orqanizmdə aktiv olan digər enerji sistemləri qapanır, bu da insanın özünü yuxulu hiss etməsinə səbəb olur. Belə demək mümkünsə, həzm sistemi orqanizmin bütün enerjisini çəkib alaraq qidanın həzminə yönəldir, enerjisiz qalan orqanizm yorğunluq hiss edir, bu da özünü yuxuya meyillilikdə göstərir. Amma hansı qidaların qəbul edildiyi də önəmlidir. Əgər qidalar karbohidratla zəngindirsə, orqanizmdə yüksək miqdarda insulin ifraz etməyə başlayır. Bu durum yuxu hormonu olan seratonini də təsiri altına alır. 

Beləcə, xalq arasında geniş yayılmış deyim” yuxu məni basdı”, gerçəkləşmiş olur. Belə vəziyyətlə tez-tez qarşılaşanlar qanda şəkərin miqdarını ölçdürsələr yaxşıdı. Bu durum şəkər xəstəliyinin başlanğıcı əlaməti də ola bilər.