Putinin boğazındakı izlər

Xərçəng, yoxsa plastik əməliyyat? 
  Rusiya Prezidenti Vladimir Putinin xərçəng xəstəliyinə tutulması iddiaları yenidən gündəmdədir. Xəbərin aktuallaşma səbəbi isə Putinin son günlərdəki fotolarında boğazında kəsik izlərinin görünməsidir.  “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Putin Pasxa bayramında Moskvadakı kilsələrdən birində dini mərasimə qatılıb. Mərasim zamanı çəkilmiş fotolarda Putinin boğazında kəsik izləri görünür. Bunlar daha çox cərrah bıçağının izlərinə oxşayır. 

Elə iddia edilir ki, Putin boğaz xərçəngi – trioidə tutulub və boğaz şişinin götürülməsi əməliyyatı keçirib. Bu iddialara xarici mediada tez-tez rast gəlinir. Görüntülərə diqqətlə baxıldığında Rusiya liderinin boğazındakı izlər Z hərfini xatırladır. Məlumdur ki, “Z” rəmzi Rusiyanın Ukraynaya hərbi təcavüzündə iştirak edən zirehli texnikanın üzərinə həkk edilir. ABŞ kəşfiyyatının sənədlərindən sızmalar baş verdikdən sonra Putinin səhhəti ilə bağlı xəbərlər də dünya mediasında yer almağa başlayıb. 

Dünya mediasında boğaz xərçəngi xəstəliyinin müalicəsi və cərrahi əməliyyatlarda ad çıxarmış bir həkimin son zamanlar çox tez-tez Moskvaya səfər etdiyi bildirilir. Bununla bağlı sənədlər ortaya çıxaran media cərrah Yevgeni Selivanovun Moskvadakı xəstəxanalardan birinə 166 gün ərzində 35 dəfə səfər etdiyini yazıb. Putinin boğazında kəsik izləri ilk dəfə 2020-ci ilin avqustunda görünüb. “DailyMail”ə bu barədə danışan plastik cərrah Amjad Al Yousef, bu cür yara izinin əməliyyatlar zamanı süni nəfəs aparatına qoşulanlarda rast gəlindiyini deyib. Amma bu izlər yara, cərrah bıçağı izi olmaya da bilər. 

Yaşlı insanların boyun dərisində zamanla belə izlər – qırışlar əmələ gəlir. Plastik cərrah deyib ki, Putinin üzündə plastik əməliyyat etdirdiyi aydın görünür. Boynunda isə belə bir görüntü yoxdur.