Azərbaycanda süni mayalanmaya hələ ki, qadağa yoxdur


Ola bilsin ki, tv-lərin reklamında şəxsi həyata müdaxilə aşkarlanıb, bu səbəbdən də onlara xəbərdarlıq edilib

  Yerli televiziya kanallarından dördünə xəbərdarlıq edilib. Şuradan verilən xəbərə görə, iclasda "İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair 2024-cü ilədək Tədbirlər Planı"na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Audiovizual Şurasına ünvanlanmış müraciətlərə əsasən həyata keçirilmiş audiovizual proqramlarının monitorinqi nəticəsində bir sıra televiziya redaksiyalarının efirində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 29.5-ci maddəsinin tələbinin (hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır) pozulması faktı qeydə alınıb. Belə ki, 25 aprel, 26 aprel və 27 aprel 2023-cü il tarixlərində "Xəzər TV", 28 mart, 04 aprel və 26 aprel 2023-cü il tarixlərində "ATV", 28 mart 2023-cü il tarixində "ARB", 10 mart 2023-cü il tarixində "Dünya TV" televiziya redaksiyalarının efirində süni mayalanma üzrə tibbi xidmətin reklamına yol verilməsi halları aşkarlanıb. Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası "Xəzər TV" MMC-yə, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasına, "ARB 24" MMC-yə, "Dünya" Müstəqil Televiziya və Radio Şirkəti Redaksiyasına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Məsələ ilə bağlı “Şərq”ə danışan həkim-ginekoloq Fəxranə Hüseynzadə qeyd etdi ki, ölkədə süni mayalanma qadağan deyil. Hamiləliyin süni yolla pozulması isə bəzi ölkələrdə rəsmi şəkildə qadağan edilsə də, bizdə hələ ki, belə bir qadağa yoxdur: 
- Sadəcə, burada məsələ təbliğat və əks-təbliğatdır. Hamiləliyin süni yolla pozulması, əlbəttə, mənfi haldır, tibbi nöqteyi-nəzərdən də sağlamlığa ziyanlı və həyat üçün təhlükəlidir. Uzun müddətdir Milli Məclis “Reproduktiv sağlamlıq haqqında” qanun üzərində işləyir. Məqsəd qadın sağlamlığı, hamiləlik, hamiləliyin süni yolla pozulması kimi qadın sağlamlığına, genefonda zərər vuracaq halların qarşısının alınması, təbii nəsil artımına, təbii doğuşlara üstünlük verilməsi üçün qadın sağlamlığının gücləndirilməsi istiqamətində əməli tədbirlərin icrasını təşviq etməkdir. 

Belə vəziyyətdə əgər hansısa telekanal hamiləliyin süni yolla pozulmasını reklam edirsə, təbii ki, bu, əks-təbliğat vasitəsi hesab olunur və yolverilməzdir. Lakin süni mayalanma yoluyla hamiləlik uzun illər övlad həsrətində olan ailələrə ümid işığıdır. Evlilik müəyyən müddət  davam edir və təbii hamiləlik mümkün olmursa, tibbi göstərişlərə uyğun olaraq süni mayalanmadan istifadə edilə bilir. Bunu həkim müəyyən etməlidir. Bu, ciddi və çox məsuliyyətli bir əməliyyat olduğundan hər klinikaya da bu əməliyyatı icra etmək icazəsi verilmir. Hər klinika süni mayalanma əməliyyatı təklif edə bilməz. Bunun üçün xüsusi razılıq – lisenziyaya sahib olmalıdırlar. Hesab edirəm ki, dörd telekanala bu məsələdə reklam qanunu pozduqlarına görə xəbərdarlıq edilməsi, ya xüsusi icazəsi olmayan tibb müəssisəsinin reklamı ilə bağlıdır, ya da birbaşa insan hüquqlarının pozulmasıyla bağlı. 

Çünki bəzən televiziyalarda süni mayalanma ilə övlad sahibi olanlar reklam çarxına cəlb edilir. Bilmək olmur, onlar həqiqətən süni mayalanma ilə övlad sahibi olanlardır, yaxud sadəcə reklam çarxına çəkiliblər. Pasiyentin konfedensial hüquqları var. Pasiyent özü haqqında məlumatların kiməsə verilməsini, paylaşılmasını istəmirsə, kimsə o məlumatları paylaşa, yayımlaya bilməz. Bu, qanunla qadağandır. Süni mayalanma haqqında bilgilər də pasiyentlərin müstəsna hüququdur.  Ola bilsin ki, tv-lərin reklamında şəxsi həyata müdaxilə aşkarlanıb, bu səbəbdən də onlara xəbərdarlıq edilib. 

Belədirsə, düzgün qərardır. İnsanları efirə çıxarıb, süni mayalanmayla övladlarının dünyaya gəldiyini elan etmək nə hüquqi, nə də etik baxımdan doğrudur. Bizim əxlaqımız, adət-ənənəmiz də bunu qəbul etmir.