Gündə bir Aspirin hər dərdə dərmandır? 

Türk professor elə sirləri açıqladı ki…

Məlum olub ki, müntəzəm Aspirin qəbul edənlərdə bağırsaq xərçənginə tutulma təhlükəsi 10 dəfə azdır
“Bu dərman 99 faiz güvənli olsa da, 1 faiz təhlükəsi də var”


  Başın ağrıyır, Aspirin iç. Qızdırman var, Aspirin iç. Qrip olmusan, Aspirin iç… Rahatsızlıq zamanı dərhal bir həb Aspirin içib, qısa zamanda effektini görənlər az deyil. Bəlkə buna görədir ki, Aspirin az qala bütün xəstəliklərdə əsas dərman vasitəsi hesab edilir. Bəzi təbiblər hətta hər gün 1 həb Aspirin qəbul etməyi tövsiyə edir. “Milliyet.com.tr” Aspirinin faydaları və zərərləri barədə ürək-damar cərrahı professor doktor Yavuz Yörükoğlunun fikirlərinə yer verib. 

Professor bildirib ki, Aspirin 1800-cü illərin ortalarında alman kimyaçı Felix Hoffmanın Aspirinin əsas maddəsini təşkil edən asetilsalisilik-asiti kəşf etməsindən sonra yaranıb. Lakin bu dərmanın kökləri qədim şumerlərə qədər gedib çıxır. Dərmanın hazırlanmasında söyüd ağacının şirəsindən istifadə edilib. Şumerlər eramızdan min il əvvəl söyüd ağacının şəfalı olduğunu kəşf ediblər və onu şirəsindən dərman vasitələri düzəldərək müxtəlif xəstəliklərin müalicəsində istifadə ediblər. 1800-cü illərdə isə Almaniyada kimyaçılar söyüd ağacının qabığından asetilin maddəsi əldə ediblər. Lakin onu saflaşdıra bilməyiblər. Buna Felix Hoffman nail olub. Daha sonra da dərman istehsalçısı bir şirkət Aspirin istehsalına başlayıb. Aspirindən həddindən artıq istifadə edənlərin qanında duruluq əmələ gəlməsi isə həkimlərin bu dərmandan yerli-yersiz istifadəni qadağan etmələriylə nəticələnib.  

Aspirin 20-ci əsrin ən böyük kəşflərindən biri hesab edilir. Məhz qanda duruluğu artırdığı üçün o, ürək-damar xəstəliklərinin müalicəsində geniş istifadə edilirdi.  Y.Yörükoğlu bildirib kİ, amma ilkin olaraq Aspirin revmatizm xəstəliyinin müalicəsində istifadə edilib. İndi də bu dərman vasitəsindən müxtəlif səbəblərlə istifadə edilir. Dəri xəstəlikləri, iltihab əleyhinə, qaşınmalara, həşərat sancmalarına qarşı da Aspirinin faydalı olduğu bildirilir.  Son illərdə Aspirinin bağırsaq xərçənginə qarşı da effektli olduğu təsdiqini tapıb. 

Məlum olub ki, müntəzəm Aspirin qəbul edənlərdə bağırsaq xərçənginə tutulma təhlükəsi 10 dəfə azdır. Əgər ailə üzvlərindən kimdəsə bağırsaq xərçəngi xəstəliyi olubsa, ailənin digər üzvlərinə önləm almaq məqsədilə Aspirindən istifadə etmək tövsiyə olunur. 

 Y.Yörükoğlu qeyd edib ki, 45 yaşdan sonra hər kəs qanın qatılaşmasına qarşı önləm almalıdır. Yaxşı olar ki, 45 yaşdan yuxarı insanlar hər gün 100 mq. qan durulducu vasitə qəbul etsinlər.  Professor Aspirinin zərərlərinin ola biləcəyini də qeyd edib: “Aspirin bir çox xəstəlikləri önləyə bilir.

 Lakin zərəri də yox sayılmaz.  Xüsusən, mədəsində qastrit, mədə xorası olanlar, mədə turşuluğu yüksək olanlar Aspirin qəbul etməkdən çəkinməlidir. Bu dərman 99 faiz güvənli olsa da, 1 faiz təhlükəsi də var”.