Ölkədə kliniki psixoloqlar tapılmır

Çünki heç bir ali məktəb kliniki psixoloq peşəsi üzrə təhsil vermir

Fərqanə Mehmanqızı: “Bizdə psixologiya kitabları da köhnədir. Proqramlar da köhnədir, “Nuh əyyamı”ndan qalıb”

  Azərbaycanın xəstəxanalarında psixoloji sağlamlıq sahəsində vakant olan mütəxəssis yerlərin sayı açıqlanıb. Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov deyib ki, hazırda Səhiyyə Nazirliyinin sistemində 31, TƏBİB-in sistemində isə 32 kliniki psixoloq var. O bildirib ki, hər rayon üzrə psixoloqun təmin edilməsi üçün Səhiyyə Nazirliyinə 24, TƏBİB-də isə 59 kliniki psixoloq lazımdır. "Psixiatrların sayına gəlincə, Səhiyyə Nazirliyinin sistemində onların sayı 153, TƏBİB-in sistemində isə 48-dir. Ştat cədvəlinə əsaslanan vacib ehtiyac sayı 99-dur. Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələri üzrə 76, TƏBİB üzrə isə 23 psixiatra ehtiyac var". 

Kliniki psixoloqlar niyə tapılmır? Savadlı kadrlar həqiqətən yoxdur, yoxsa, savadlı kadrların işə cəlb edilməsində nöqsanlar var? Bu suallara psixoloq Fərqanə Mehmanqızı ilə cavab tapmağa çalışdıq. 

Psixoloq qeyd etdi ki, kadr çatışmazlığı həqiqətən də mövcuddur: 

- Sual olunur ki, tələbat varsa, təklif niyə yoxdur? Çünki savadlı kadr çatışmazlığı var. Baxın, heç bir ali məktəb kliniki psixoloq peşəsi üzrə təhsil vermir. Belə bir ixtisas ali məktəblərdə yoxdur. Psixoloq ixtisasını verən Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Orada da görünür ki, tədris zəifdir. Onların tədris proqramına baxmaq lazımdır. Hansı proqramlar üzrə nə tədris olunur, necə tədris olunur. Universiteti psixologiya ixtisası üzrə bitirənlər kliniki psixoloq olaraq çalışmaq üçün məcburdurlar, ali təhsil pilləsindən sonra əlavə kursa getsinlər. Tələbə 4 il bakalavr, sonra da 2 il magistr təhsili alır, amma işləmək üçün əlavə kursa getməyə məcburdur. Ali məktəb mütəxəssis vermir. Kliniki psixoloq kurslarında əlavə təhsil almaq üçün də maddi imkanın olmalıdır. Bu, böyük məbləğdə pul tələb edir. Hər kəsdə bu imkan olmadığı üçün, ali məktəbdə nə öyrədiblərsə, onunla kifayətlənir. Təhsil də zəif olduğu üçün kliniki psixoloq olaraq işləyə bilmirlər. Məsələ belədir. Əgər həqiqətən də yüksəkixtisaslı kliniki psixoloq kadrları əldə etmək istəyirlərsə, ali məktəbdən başlamaq lazımdır. Ali məktəbdə tədrisin keyfiyyəti yaxşılaşdırılmalıdır. 
  F.Mehmanqızı qeyd etdi ki, Azərbaycanda tədris olunan psixologiya elmi ilə, məsələn, Türkiyədə tədris olunan fərqlidir: 
-  Bizdə psixologiya kitabları da köhnədir. Proqramlar da köhnədir, “Nuh əyyamı”ndan qalıb. Məsələn, bizdə qayda belədir ki, uşaqlar autizm diaqnozu 3 yaşdan sonra təyin edilir. Dünyada isə artıq çoxdan qəbul olunub ki, autizm diaqnozu 5 yaşdan sonra qoyulur. Biz buradakı təcrübəni Türkiyədə bildirəndə, bizə qəribə baxırlar ki, siz geri qalmısınız. Gərək dünya elmi ilə ayaqlaşaq, bunun üçün də tədris proqramları yenidən və ciddi şəkildə gözdən keçirilməlidir. Ali məktəblər yüksəkixtisaslı kadrlar hazırlamalıdır ki, onlar tələbat olan yerlərdə işləyə bilsinlər.