““Delta” ştammı yaşa baxmır, hər kəs yoluxa bilər” – Məsuliyyətli olaq! 

Koronavirusla mübarizədən danışanda onu da qeyd etməliyik ki, insanların qaydalara əməl etmələri, özlərini virusdan qorumaları da yoluxma sayı kimi dalğavaridir. Çünki vətəndaşlar Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara gah əməl edirlər, gah da səhlənkar yanaşırlar. Məsələn, maskadan istifadə ilə bağlı rəsmi qərar qəbul olunub, cərimələr müəyyənləşən kimi insanlarımız arasında maskadan istifadə edənlərin sayı çoxaldı. Metroda, küçədə, ictimai nəqliyyat vasitələrində və digər qapalı məkanlarda maskasız insana rast gəlmək demək olar ki, mümkün deyildi. Lakin bir müddətdən sonra insanlar müxtəlif bəhanələrlə maskadan istifadəyə yenidən laqeyd yanaşmağa başladılar.


Karantin qaydalarında bəzi yumşalmaların olması, xüsusilə də toy və şənliklərə icazə verilməsi və yeni "ştamm"ın yayılması yoluxma sayında artıma səbəb oldu. Toy və şənliklərin keçirilməsi insanların sıx toplaşmasına gətirib çıxarır ki, bu da insanların koronavirusdan qorunma tədbirlərindən ən əsas olanı, sosial məsafənin pozulmasına və maskadan istifadə olunmamasına gətirib çıxarır. İnsanlar həmin məclislərdə  yaxınları ilə öpüşür-görüşür və bir-birlərinə xəstəliyi yoluxdururlar. 

“Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov  “Sherg.az” açıqlamasında bildirdi ki, ölkəmizdə gündəlik COVID-19 virusuna yoluxma sayının təxminən 4 minə qədər yüksəlməsi ciddi narahatlıq doğurur. Əsas səbəbin virusun mutasiyaya uğraması  və “Delta” ştammının yayılması olduğunu vurğulayan birlik sədri söyləyib ki, bu ştammın digər ştammlara nisbətən yoluxuculuq qabiliyyəti daha çoxdur və istər yoluxanlar, istərsə də xəstəliyi ağır keçirənlər sadəcə yaşlı nəsil nümayəndələri deyil:

“Virus artıq yaşa baxmır. Hər kəs virusa yoluxa bilər. Yoluxma sayının artmasının digər səbəblərindən biri də insanların qoyulan qaydalara və tələblərə məsuliyyətsiz yanaşmasıdır. Onlar qapalı ictimai obyektlərə daxil olarkən sosial məsafənin saxlanılmasına, maskanı düzgün istifadə olunmasına riayət etmirlər”.

A.Hüseynov sədri qeyd edib ki, regionlarda maskadan istifadə edən insanlara rast gəlmək demək olar mümkün deyil. Belə olan halda təbii ki, yoluxma sayı artacaq:

“Vaksin olunan şəxs virusa yoluxsa belə, xəstəliyin ağırlaşma riski aşağı olur. Son günlərdə verilən statistikaya əsasən, yoluxanlar arasında ağırlaşma ilə reanimasiyaya düşənlərin  96 faizini vaksin olunmayanlar təşkil edir. Süni tənəffüs aparatına qoşulanların statistikasına baxdıqda burada da 97 faiz vaksin olunmayanlardır. Virus səbəbindən vəfat edənlərin 99 faizini vaksin olunmayanlar təşkil edir. Bu rəqəmlər real olaraq COVID-19 əleyhinə vaksinin vacibliyini və effektivliyini bir daha təsdiq edir.

3-cü doza vaksinasiyanın olunması mövzusuna gəldikdə isə orqanizmdə ilk iki doz vaksinasiyadan ən az 6 ay keçdikdən sonra virusa qarşı antitellərin titri düşərsə, onda mütəxəssislərin məsləhəti ilə əlbəttə ki, 3-cü doza vaksinin olunması vacibdir.

Məqsəd ölkəmizdə vaksinasiya ilə virusa qarşı kütləvi immunitetin yaranmasını təmin etmək və bununla da virusun pandemiya halından çıxmasına nail olmaqdır.

Hazırda Azərbaycanda vaksinasiya prosesinin yüksək səviyyədə təşkil edilməsi insanlar üçün əvəzedilməz bir şansdır. Vətəndaşlarımız vaksinasiya ilə həm özlərini, həm yaxınlarını, həm də ətraflarında olan insanları qoruyurlar. Amma vaksinasiya ilə paralel məsuliyyətli olmağımız mütləqdir. Pandemiya dövründən çıxana qədər sosial məsafəni saxlamaq, maskadan düzgün istifadə etmək və gigiyenaya ciddi riayət etmək mütləqdir.
Yenidən sərt qapanmaya getmək istəmiriksə, qaydalara əməl etməli və vaksin olunmalıyıq”.