Mnatsakanyanın Gürcüstana səfəri nəyə hesablanıb ? – Gizli “əl” göründü

“Mnatsakanyan Azərbaycan əleyhinə rəsmi Tiflislə danışıqlar aparmaq niyyətindədir”

“Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Gürcüstana səfəri əsasən, Azərbaycanla Gürcüstan arasında baş verən müəyyən problemlərdən istifadayə yönəlib”. 

Bunu “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. 

Erməni nazirin Gürcüstan səfərini şərh edən ekspert bildirib ki, Mnatsakanyan Azərbaycan əleyhinə rəsmi Tiflislə danışıqlar aparmaq niyyətindədir: 

“Gürcüstan hakimiyyəti Ermənistanla əməkdaşlıqda maraqlıdır və bu Kremlin göstərişi ilə həyata keçirilir. Gürcüstanda Rusiya əleyhinə etirazlara baxmayaraq “boz kardinal” Bidniza İvanaşvili Rusiya ilə diplomatik kanalları qoruyub saxlayır və danışıqlar apararaq iqtisadi-siyasi əməkdaşlığı davam etdirməyi planlayır”. 

Politoloq vurğulayıb ki, Ermənistan tərəfi rəsmi Tiflislə əməkdaşlığı dərinləşdirməyə çalışır: 

“İrəvanın məqsədi qonşu ölkələrlə əməkdaşlığı Azərbaycan əleyhinə yönəltməkdir. Rəsmi Bakı Zöhrab Mnatsakanyanın səfərini diqqətə almalı, Azərbaycan əleyhinə hər hansı proses baş verəcəyi təqdirdə dərhal Tiflisə etirazını bildirməlidir. Məncə, indiki gürcü hakimiyyəti Ermənistanla Azərbaycana qarşı əməkdaşlıqda maraqlıdır. Hökumət bunun müqabilində Azərbaycandan bəzi imtiyazlar almağı planlayır”.