“...Belə diaspor nəyimizə lazımdır?!” – SƏRT İTTİHAM


Natiq Miri: “Ortada yeyib qıraqda gəzən”lər əllərini daşın altına qoymalıdır ”
“Dadlı piroq paylanılan zaman diasporamız dərhal qabağa durur, ancaq milli məsələlərdə hamısı yoxa çıxır”



“Fuad Abbasovun yerinin doldurulmasına böyük ehtiyac var”. 
Bunu “Sherg.az”a açıqlamasında politoloq Natiq Miri deyib. 
Ekspert bildirib ki, Rusiya toplumunda Dağlıq Qarabağ münaqişəsinə münasibət birmənalı deyil: 
“Uzun müddət rus mediası, ələlxüsus onlayn media vasitələri anti-Azərbaycan təbliğatı aparıblar. Bu proses bugün də davam edir. Fuad Abbasov alternativ fikirlər ortaya qoyur, rusları həqiqətə inandırırdı. Lakin Rusiya demokratik ölkə olmadığı üçün alternativ fikir ifadə edən jurnalistimizi hansısa şəbəkələrin maraqları çərçivəsində, hüquqa və siyasətə zidd davranaraq deportasiya etdi.
Fuadı sanki, böyük bir cinayət törətmiş şəxs kimi Rusiyadan uzaqlaşdırdılar. Bu addım şimal qonşumuzun təhlükəsiz ölkə olmadığını ortaya qoyur. Həm də Rusiyaya etimad bəsləməyin nə qədər əbəs olduğunu göstərir”.
Analitikin sözlərinə görə, F.Abbasov məsələsində Azərbaycan və Türkiyənin göstərdiyi cəhdlər qənaətbəxş olmadı: 
“Düzdür, bu məsələdə erməni lobbisi və onların başında duran Rusiya XİN-in böyük “əməyi” var idi. Amma müəyyən ştrixlər istisna olmaqla, dövlət səviyyəsində ciddi addımlar atıldığının şahidi olmadıq. Səfirlik və diaspora üzərinə düşəni etmədi.
Deportasiyaya mane olmaq üçün cəhdlər göstərilmədi. Halbuki bu məsələ Rusiya üçün o qədər böyük strateji əhəmiyyət daşımırdı. Çünki F.Abbasov rus ictimayyəti üçün hansısa təhdid yaratmırdı.
Sadəcə bəzi həqiqətləri Rusiya efirlərində səsləndirdiyi üçün erməni lobbisi və onların himayədarları bunu özləri üçün təhlükə gördülər”. 
N.Miri bildirib ki, ən azından Fuad səviyyəsində bir neçə şəxsin Rusiyada fəaliyyət göstərməsinə nail olunmalıdır: 
“Azərbaycanı təmsil edənlər şəxslər beyin mərkəzləri və qeyri-hökumət təşkilatları formasında bir yerə toplaşmalıdır. Jurnalistlərin Rusiyanın media orqanları ilə münasibətləri tənzimləməli, KİV-lərdə qeydiyyatdan keçərək siyasi təbliğat xarakterli verilişlərdə iştirakları təmin edilməlidir. Erməni maraqları Rusiya televiziyasında təmin olunarsa, biz də öz maraqlarımızı təbliğ etmək üçün çalışmalıyıq. “Ortada yeyib qıraqda gəzən”lər əllərini daşın altına qoymalıdır. Əks təqdirdə belə bir diaspora bizim nəyimizə lazımdır?! Dadlı piroq paylanılan zaman diasporamız dərhal qabağa durur, ancaq milli məsələlərdə hamısı yoxa çıxır”.  Qeyd edək ki, Azərbaycan və Türkiyənin maraqlarını Rusiya mediasında fəal şəkildə müdafiə edən və bu ölkədən deportasiya edilən jurnalist Fuad Abbasov müraciətlə çıxış edib. Abbasov federal kanallarda Azərbaycanın maraqlarını müdafiə edəcək heç kəsin olmadığını bildirib: “Məni uzun müddətə deportasiya ediblər. Rusiyaya yalnız 93 yaşım olanda gedə biləcəm. Mənim Rusiyadakı fəaliyyətimi davam etdirmək istəyənlər bu missiyanın əhəmiyyətini anlamalıdır. Əsas məsələ satılmamaq və öz ölkənin, təbii olaraq, həmçinin, qardaş Türkiyənin maraqlarını qorumaqdır”. Xatırladaq ki, Fuad Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib. Onun Rusiyaya girişinə 50 il müddətinə qadağa qoyulub.