Dilavər Əzimli: "Bu sərgi 20 yanvarda şəhid olanların xatirəsini təhqir etməkdir"
“Cəlladımızın sərgisini Bakıda keçirməklə milli ruhumuzu təhqir edirlər”. Bunu Sherg.az-a açıqlamasında tarixçi-alim Dilavər Əzimli deyib.
Tarixçi bildirib ki, bəzən “telerantıq” pərdəsi fonunda qanlı günlərimizi unuduruq:
“1905-ci ilin qırğınlarını unutduq, ardınca 1918-ci il mart soyqırımını yaşadıq. 1918-i yaddan çıxardıq, 1948-53 qırğınları baş verdi, 1990-cı il qanlı yanvarını gördük. Nə tez unutduq bu qanlı yanvarı törədən caniləri? Onlardan biri də bizə nifrət edən Yevgeni Primakov idi. Düz 29 ildən sonra bu caninin 90 illiyi ilə bağlı Bakı şəhərində sərgi açılır. Orada onun fəaliyyəti ilə bağlı şəkillər sərgilənir. Doğrusu, məəttəl qalırıq. Kimdir bunları həyata keçirən? Ötən əsrin 80-ci illərinin sonlarında Bakıda şəhidlərimizin məzarı üstündə xalqımızın cəlladı S.M.Kirova heykəl qoyanları qınayırdıq. Deyirdik ki, biz nə qədər unutqan millətik. Öz cəlladlarımıza heykəllər qoymuşuq. Ən böyük cəlladımızın adına metro açmışdıq, adını az qala ikinci Lenin kimi küçələrə, rayonlara vermişdik. Söhbət daşnak, millətimizin qanına susamış Stepan Şaumyandan gedir. İndi də millətin faciəsinə imza atan bir şəxsin yubileyini keçirirlər. Maraqlıdır ki, bizim ziyalılar bunu adi qarşılayırlar. Amma çox ciddi hadisədir. Bu sərgi 20 yanvarda şəhid olanların xatirəsini təhqir etməkdir”.
D.Əzimlinin sözlərinə görə, Yevgeni Primakov SSRİ-nin əsas simalarından biri olmaqla, baş verən qırğınların təşkilatçılarından idi:
“Ən böyük qırğını da Bakıda törətdilər. Bu qanlı planın təşkilatçılarından biri də Primakov idi. İndi biz də ona “sağ ol” deyirik və yubileyini “qeyd” edirik?! Vallah nə deyim, əhsən “bizdə olan qeyrətə, qeyrətimiz bəllidir hər millətə”.