“Milli Məclisdə hər zaman Araz Əlizadə kimi adamlar olub”. Bunu Sherg.az-a açıqlamasında tarixçi-alim Məhərrəm Zülfüqarlı deyib.
Alimin fikrincə, belə şəxslər barədə vaxtında ölçü götürülməlidir:
“Əvvəlki dönəmdə parlamentdə iki kommunist var idi. Həmin kommunistlər 2000-ci ildə təklif edirdilər ki, müstəqil Azərbaycan dövləti Rusiyaya birləşdirilməlidir. Onlar XI “qızıl” ordunu “xilaskar ordu” kimi qələmə verirdilər. Düzdür, sayları çox az olsa da, təəssüflər olsun ki, Milli Məclisdə belə şəxslər təmsil olunmaqdadır. Əfsuslar olsun ki, A.Əlizadə kimi adamların pozucu hərəkətlərinə reaksiya istənilən səviyyədə deyil. Belə şəxslər açıq-aydın Azərbaycan dövlətçiliyinin əleyhinə çıxırlar.
Görünür, kənardan bunlara dəstək verən başqa şəxslər var. Hesab edirəm ki, Nuru Paşanın və Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasına qarşı çıxan və Azərbaycanın Rusiyaya birləşdirilməsini gündəmə gətirən deputatlar mütləq cəzalanmalıdır. Əslində onların cavabını ilk növbədə öz həmkarları verməlidir. Bu cür adamların millət vəkili adını daşımağa haqqları çatmır”.