“Siyasi partiyaların başlıca vəzifəsi seçkilərdə iştirakdır”
Müsavat Partiyası 3 noyabr tarixində qurumun rəhbərliyini və idarəetmə kadrlarını yenidən formalaşdırıb. Keçirilən iclasda sədr müavinləri, Divan üzvləri və digər rəhbər kadrlar müəyyən olunub. Bir sıra ekspertlər bunu Müsavatın daxildən “yenilənməsi” kimi təqdim ediblər. Toplantıda ictimai-siyasi vəziyyət də müzakirə edilib. Lakin yeni formalaşan idarəetmə komandasının müzakirələrindən sonra partiyanın dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə qatılmamasına qərar verilib.
Partiyada gedən prosesləri “Şərq”ə şərh edən Müsavat sədrliyinə keçmiş namizəd Yadigar Sadıqlı siyasi təşkilatdakı “yenilənmə” ilə bağlı münasibət bildirməkdən yan keçib:
“Müsavatın yenidən formalaşması barədə bir söz demək istəmirəm. Ancaq bələdiyyələrlə bağlı alınan qərar gözlənilən idi. Çünki Azərbaycanda bələdiyyələr heç bir səlahiyyəti olmayan qurum kimi tanınır. Ona görə də Müsavat üzvləri seçkilərdə iştirak etməyə həvəsli deyillər. Məhz bu səbəbdən seçkiyə qatılmamaq qərarı alınıb”.
Siyasi ekspert Azər Rəşidoğlu isə Müsavatdakı proseslərə bir cümləlik şərh verib:
“Siyasi partiyaların başlıca vəzifəsi seçkilərdə iştirakdır. Bu baxımdan Müsavatın “seçkidən imtina” qərarını mənfi qarşılayıram”.