"Turan Ordusu"nun "ayaq səsləri" eşidilir: Türk dünyası bunu yaratmalıdır - AKTUAL

“NATO-nun 2-ci ən böyük və ən döyüşkən ordusu sayılan qardaş Türkiyə ordusu ilə əməkdaşlıq bizim üçün çox önəmlidir”.  Bunu Sherg.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.

Partiya təmsilçisi bildirib ki, Türkiyə hər zaman Azərbaycanın ordu quruculuğunda yaxından iştirak edib: 

“Türkiyə hərbiçilərin hazırlanmasından tutmuş, hərbi texniki-təchizata qədər, öz köməyini bizdən əsirgəməyib. İndiyədək 5 mindən çox hərbiçi Türkiyədə təhsil alıb. Bizim region siyasi baxımdan çox qaynar və mürəkkəbdir. Ərazisi kiçik ölkələrin öz təhlükəsizliklərini təmin etmək üçün dost və qardaş dövlətlərin köməyinə ehtiyacı yarana bilər. Bu baxımdan Azərbaycan və Türkiyə dövlətlərinin vahid ordu yaratması dövrün tələbidir. Çünki düşmənimiz Ermənistan Rusiya ilə hərbi əməkdaşlığını çoxdan qurub və genişləndirib”. 



Azər Qasımov: "Azərbaycan və Türkiyə dövlətlərinin vahid ordu yaratması dövrün tələbidir"


Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan ordusunun güclənməsi Türkiyə üçün də vacibdir: 

“Güclü Azərbaycan qüdrətli Türkiyə deməkdir. Əlbəttə, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Lakin bu fakt dost və müttəfiq ordu ilə əməkdaşlığımızın vacibliyini azaltmır. Azərbaycan və Türkiyə ordularının əməkdaşlığı digər türk dövlətləri üçün də nümunə olmalıdır. Son nəticədə böyük Turan ordusu yaratmaq isə bütün türk dövlətlərinin arzusu olmalıdır. Əminik ki, bu məqsədlə aparılan işlər gələcəkdə Böyük Turan ideyasının gerçəkləşməsinin əsasını qoyacaq”.