“Freedom House”nin qərəzi: Bu təşkilatın "hesabatı" həmişəki kimi obyektivlikdən uzaqdır

“Freedom House” təşkilatının “hesabatları” əslində bəlli bir siyasətin konturlarıdır”. Bunu Sherg.az-a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov deyib.

Hüquq müdafiəçisi bildirib ki, bu qurum ABŞ-ın “qeyri-hökumət təşkilatı” sayılsa da, əslində Amerikanın müxtəlif dövlət orqanları ilə sıx əlaqəsi var: 

“Məsələ ondadır ki, bu qurum hər zaman Azərbaycana qarşı qərəzli olub və ikili standartlardan çıxış edib. İnternet azadlığı ilə bağlı sonuncu "hesabat" bunun bariz nümunəsidir. İndiki "hesabat" öz həyasızlığı və qeyri-obyektivliyi ilə seçilir. İnternet azadlığına görə, Azərbaycan təkcə regionda deyil, postsovet ölkələrində və dünyada da müsbət baxımdan fərqlənir. Ölkəmizdə milyonlarla internet istifadəçisi sosial şəbəkələrdə çox fəal iştirak edir, internet tam sərbəstdir. Xüsusən, mövcud durumun qonşu Gürcüstan və işğalçı Ermənistanla müqayisəsi, dövlətimizin bir neçə pillə aşağıda göstərilməsi olduqca absurddur və ABŞ-ın regiona münasibətinin təzahürüdür”. 



Əhməd Şahidov: "İnternet azadlığı ilə bağlı sonuncu "hesabat" bunun bariz nümunəsidir"


Ə.Şahidovun sözlərinə görə, heç bir halda bu “hesabatı” obyektiv qəbul etmək olmaz: 

“Azərbaycan internetin, ifadə azadlığının və sosial şəbəkələrin azad olduğu bir ölkədir. Burada internet məhdudlaşdırılmır. Ortaya atılan iddialar reallıqdan çox uzaqdır. Hamıya bəllidir ki, Nikol Paşinyan hökuməti özünə müxalif olan internet saytları müəyyən resusrlar vasitəsi ilə məhdudlaşdırır. Ona görə də bu cür ölkələrlə regionun lideri olan Azərbaycanı müqayisə etmək və bizi aşağı sırada yerləşdirmək birbaşa qərəzdir. “Freedom House” təşkilatının mövqeyi qərəzlidir və hökumətə qarşı təzyiq xarakteri daşıyır”.