Kadr islahatları davam edir: Məmurlar Prezidentin yenilik tələbini yerinə yetirməlidirlər

“Kadr islahatları bütün hallarda yaxşıdır. Dünyada tez-tez dəyişən dövlət modeli var. Bu model onu göstərir ki, illərlə oturub bir vəzifədə qalmaq mümkün deyil”. Bu fikirləri Sherg.az-a açıqlamasında  AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

Onun sözlərinə görə, tez-tez kadr islahatlarının olması adətən ölkədə korrupsiyanın qarşısını alır:

“İnsan bir vəzifədə çox olanda korrupsiya ehtimalı artır. Bu baxımdan kadrların tez-tez dəyişməsinin müsbət cəhətləri çoxdur. Amma təyin olunan cavan kadrların əvvəlki təcrübəsinə baxdım. Onların bir hissəsi icra hakimiyyətinin işçisi, digər hissəsi deputat olub. Onlar cavan olsalar da yeni kadrlar deyil. Həmin kadrlar vaxtilə apartada işləmiş insanlardır. Əgər yeni kadrlar əvvəlki iş metdoları ilə çalışsalar, heç bir müsbət irəliləyiş əldə edə bilməyəcəklər. Çünki ölkədə yeni iş yerləri açılmalıdır, rayonlara çoxlu sayda investisiya cəlb olunmalıdır. Prezidentin də tələbi odur ki, bu kadrlar ölkədə yenilik etsinlər. Yenilik də odur ki, xalqın qarşısına çıxa bilsinlər, insanların tələbini yerinə yetirsinlər. Yeni iş yerlərinin açılması xüsusilə vacib olan məsələdir. Çünki hazırda ən böyük problem budur. İnsanların sosial problemlərinin həlli də böyük əmək tələb edir. Əhalini tez-tez qəbul etmək, onların dərdlərinə şərik olmaq da mühümdür. Çünki əhali gəlir öz problemlərini deyir və həll olunmursa, hakimiyyətə müəyyən ümidsizlik yaranır. Yeni icra başçıları bu məsələlərin öhdəsindən gəlsələr, əlbəttə müsbət irəliləyişlər olacaq. Amma əvvəlki qaydada işləsələr, özlərini rayonda mütləq hakim kimi təqdim etsələr, xalqın qarşısına çıxmasalar, insanlara kömək etməsələr heç bir dəyişiklik olmayacaq”. 



Məhərrəm Zülfüqarlı: "İcra hakimiyyətlərinə verilən səlahiyyətlə yanaşı bələdiyyələrə də səlahiyyət verilməlidir ki, onlar yerlərdə hansısa işi görə bilsinlər"


Kadr islahatlarınnı vacib olduğunu deyən M.Zülfüqarlı bildirib ki, icra hakimiyyətlərinə verilən səlahiyyətlə yanaşı bələdiyyələrə də səlahiyyət verilməlidir ki, onlar yerlərdə hansısa işi görə bilsinlər:

“Bunların hamısı islahatlar paketinə daxil olmalıdır. Bütün bunları yerinə yetirsələr, müsbət tendensiya olacaq. Əks halda köhnə maşına yeni sürücü qoymaqla maşını sürətlə idarə etmək olmaz. Maşının özünü dəyişdirmək lazımdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib. Ölkə başçısı kadr islahatlarının davam etdiyini və mühüm olduğunu bildirib.