Azər Həsrətdən Hacıyevə çağırış: "Əsgərlikdən yayınması səhvini də düzəltsə pis olmaz"

“İstənilən azərbaycanlının işğal altında olan torpaqlarımızla bağlı həssaslığını hər zaman təqdir etmişəm”. Bu fikirləri Sherg.az-a açıqlamasında siyasi şərhçi, jurnalist Azər Həsrət deyib.

Analitik qeyd edib ki, Bəxtiyar Hacıyev uzun illər ictimai fəaliyyətlə məşğuldur və siyasi meydandadır. Lakin təəssüf ki, bu vaxta kimi onun belə fəaliyyətlərinə şahidlik etməmişik:

“Siyasi mövqeyindən asılı olmayaraq hər zaman düşünmüşəm ki, istər müxalifətdə, istər iqtidarda, istərsə də siyasətdən kənar bir adamın bu məsələni gündəmə gətirməsi alqışlanmalıdır. Bəxtiyar Hacıyevin də bu cür davranış sərgiləməsi təqdirəlayiqdir. Əlbəttə indiki mərəhlədə bu, olanlar müsbət dəyərləndiriləsi hadisədir. Lakin məsələ ondadır ki,  Bəxtiyar Hacıyev əvvəllər belə davranış göstərmirdi. Mən az-çox onun imkanlarını bilirəm, xüsusən də sosial mediada imkanlarına bələdəm. Hər zaman mənə təəccüblü gəlirdi ki, bu adam niyə imkanlarından istifadə etmir. Üstəlik də onun özü əslən Ermənistandandır, yəni Qərbi Azərbaycan torpaqlarındandır. Onun ata-baba yurdu ermənilərin işğalı altındadır, ora gedə bilmir. Təbii ki, belə bir şəxsin bu məsələlərdə fəallıq göstərməsi lazım idi. Amma təəssüflər olsun ki, biz ondan bu davranışı görmürdük. Bunun yerinə, daha çox Azərbaycan hakimiyyətinə və ümumiyyətlə siyasi proseslərdə ölkəmizə zərər gətirəcək çıxışlarını müşahidə edirdik. Ona görə də Bəxtiyar Hacıyevin indiki mərhələdə ən azından bu cür addım atması bizi sevindirir. O, bu hərəkətləri etdikdən və sosial mediada paylaşdıqdan sonra, orada mənə bir göndərmə yazmışdı. Bildirirdi ki, “Azər Həsrətin xəbəri olsun ki, biz erməni dəyirmanına nəinki su tökmürük, erməni dəyirmanının suyunu quruduruq”.  Mən onun bu açıqlamasını zarafatyana qəbul  etdim, yenə də qeyd edim ki, ondan uzun müddət belə davranış göstərilməyib. İndi isə belə hərəkət edirsə, əlbəttə təqdir olunmalıdır”. 

A.Həsrət bildirib ki, erməni işğalı ilə bağlı siyasi monipulyasiya edənlər çoxdur:

“Ona görə də bu olanlara bir az şübhə edirəm. Amma istənilən halda bunu təqdir edirəm, belə davam etməsini arzu edirəm. Eyni zamanda bunu da arzu edirəm ki, Bəxtiyar Hacıyev torpaqlarımızın işğalda olduğunu nəzərə alaraq Azərbaycan ordusundakı xidmətindən yayınması səhvini də düzəltsə pis olmaz. Hər halda o gəncdir və fikrimcə gedib ordumuzda əsgərlik xidmətini də keçə bilər. Biz onda tam əmin olacağıq ki, onun bu hərəkətləri monipulyasiya məqsədli deyil”.

Qeyd edək ki, Azərbaycanlı fəal Bəxtiyar Hacıyev Ermənistanın Baş Naziri Nikol Paşinyana Qarabağla bağlı sual ünvanlayıb. O Paşinyan suala cavab verməkdə çətinlik çəkib. O, bundan öncə verdiyi açıqlamalara istinad edərək ciddi bir arqument göstərə bilməyib.  Sonradan Hacıyev sözügedən görüşü və qələm dialoqunu belə şərh edib: “Tədbirə gəlib, qələmi yox idi. Çıxarıb qələm verdim, dedim hədiyyəm olsun. Sonra köməkçilərindən biri qaytardı ki, sağ ol, lazım deyil. Dedim aldıqlarınızın hamısını belə qaytaracaqsınız”. Onlar Paris Sülh Forumunda bir araya gəliblər.