Dilqəmlə Şahbazın doğmaları ümidləndi: “Dövlət başçısı həmişə bu məsələni diqqətdə saxlayır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə dövlətimizin başçısı Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulanıb.
  


Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Sherg.az-a açıqlamasında bildirib ki, o, gələcəyə ümidlə baxır: 

“Dövlət başçısı həmişə bu məsələni diqqətdə saxlayır. Buna görə ona minnətdarıq. Mən həmişə demişəm ki, atam Dilqəm Əsgərovla Şahbaz Quliyevi əsirlikdən xilas edə biləcək yeganə şəxs prezident İlham Əliyevdir. İnanıram ki, Ali Baş Komandanın davamlı səyləri və diplomatik iradəsi nəticəsində girovlarımız yaxın gələcəkdə azadlıqda olacaqlar”. 
 


Şahbaz Quliyevin bacısı İradə xanım isə bu işdə medianın fəal olduğunu dilə gətirərək, mətbuat işçilərinə də öz təşəkkür edib: 

“Həm dövlət başçısı, həm də jurnalistlər heç vaxt diqqət və qayğısını bizdən əsirgəmirlər. Hələ gözləyirik. Amma ümidimiz var ki, yaxında əzizlərimizə qovuşacağıq”.