“Videodakı ermənilərin sözlərindən aydın olur ki, məhz ermənilər Türkiyə və Azərbaycana qarşı hədsiz kin-küdurət, nifrət hissi ilə doludurlar”
Türkiyəli bloqer-jurnalist Ruhi Çenet Ermənistana səfər edib və 1 həftə paytaxt İrəvanda qalaraq əhali arasında Türkiyə, Azərbaycan və Xocalı soyqırımı ilə bağlı sorğu keçirib. Çenetin hazırladığı 15 dəqiqəlik video-reportajda işğalçı ölkənin hansı durumda olduğu və türklərə necə nifrət bəslədikləri bir daha bəlli olub.
Bloqerin mikrofon uzatdığı ermənilər qondarma soyqırımından, erməni dövlətinin öz ərazilərini “itirməsindən”, türklərin qədim erməni torpaqlarını “işğal etməsi”ndən və başqa məsələlərdən ağızdolusu danışıblar. Çenetin Xocalı soyqırımı ilə bağlı sualına isə ermənilər daha həyasızcasına cavab veriblər. Dığalar iddia edib ki, bir neçə insanın ölümü soyqırım sayıla bilməz. Həddini aşan ermənilər türkləri ən ağır ifadələrlə təhqir edərək, qardaş Türkiyəni “terrorçu” ölkə adlandırıblar.
Akif Nağı: “Ermənilərin bu mövqeyi dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır”
Sosial şəbəkələrdə yayılmış video-roliklə bağlı “Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı bildirib ki, videodakı ermənilərin nifrəti və terrorçu təfəkkürü bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. QAT sədrinin sözlərinə görə, türk bloqer bir müddət öncə Dağlıq Qarabağa da getmişdi və orada ermənilərin ciddi təzyiqlərinə məruz qalmışdı, hətta döyülmüşdü:
“Bəlkə də jurnalistin ora getməsinə və həyatını təhlükəyə atmasına ehtiyac yox idi. Amma digər tərəfdən baxdıqda bloqerin çəkdiyi video-görüntü Ermənistan cəmiyyətinin fəlakətli vəziyyətdə olduğunu ortaya qoydu. Ermənistan rəhbərliyi hər fürsətdə türkləri ermənilərə qarşı “nifrət bəsləməkdə” ittiham edir. Amma videodakı ermənilərin sözlərindən aydın olur ki, məhz ermənilər Türkiyə və Azərbaycana qarşı hədsiz kin-küdurət, nifrət hissi ilə doludurlar. Ermənilər uşaq yaşlardan türklərə qarşı düşmənçiliklə tərbiyə edilir”.
A.Nağı bildirib ki, ermənilərin bu mövqeyi dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır:
“Avropa ölkələri bilməlidir ki, hazırda Ermənistanda insanlığa, bəşəri normalara zidd hərəkətlər edən, tolerant düşünməyən bir erməni toplumu formalaşır. Bu baxımdan hesab edirəm ki, Ermənistana gedən və orada çəkdiyi videonu yayan jurnalist çox böyük iş görür. Bu material beynəlxalq qurumların diqqətinə çatdırılmalıdır. Həm Türkiyə, həm də Azərbaycanın dövlət qurumları, ictimai təşkilatları bu işlə yaxından məşğul olmalıdır. Ermənistandakı düşmənçilik əhval-ruhiyyəsi ifşa edilməlidir. Hamı bilməlidir ki, erməni toplumu hələ də faşist ideologiyası ilə yaşayır”.