Ermənilər Paşinyanı sərt tənqid etdilər - MÜNHEN MƏĞLUBİYYƏTİNƏ GÖRƏ



“Ermənilərin fikrincə, bu biabırçılığı onlara yaşadan məhz “inqilabçı” Paşinyan oldu”



Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən panel müzakirələr Ermənistanda ciddi rezonansa səbəb olub. Belə ki, dövlət başçısı İlham Əliyevin 45 dəqiqəlik müzakirələr zamanı Nikol Paşinyandan daha arqumentli danışması, onun üzərində psixoloji üstünlük əldə etməsi Ermənistan mətbuatının da diqqətindən yayınmayıb. Baş nazir Nikol Paşinyanın özünü gülünc duruma qoyması erməni ictimaiyyətini özündən çıxarıb. Ölkə KİV-ləri, siyasi şərhçilər və jurnalistlər Paşinyanın dünya ictimaiyyəti qarşısında uğursuzluğa düçar olmasını böyük məyusluqla və sərt tənqidlə qarşılayıblar. Ermənilərin fikrincə, bu biabırçılığı onlara yaşadan məhz “inqilabçı” Paşinyan oldu. 

Ermənistanın keçmiş müdafiə naziri: “Münhen debatı məni məyus etdi”


Ermənistanın keçmiş müdafiə naziri Artak Zakaryan feysbuk hesabında Münhendəki debatın onu məyus etdiyini yazıb. Eks nazir Ermənistanın baş naziri Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə uduzduğunu deyib: “Mən heç vaxt Paşinyandan Qarabağ məsələsində müsbət irəliləyiş və ya həll gözləmirdim və bu barədə deyirdim. Münhendə baş verənlər isə, yəni bu qeyri-mütəşəkkil, yarımçıq söhbət, yumşaq desək, olan bütün ümidləri sarsıtdı. Aydındır ki, Paşinyan hətta Qarabağ məsələsinin həlli ilə bağlı fasiləyə belə tab gətirə bilmir. İlham Əliyev danışıqlar prosesində məsələni mərhələli həll yoluna yönəltdiklərini bir daha qeyd etdi”. 

“Keçmiş xatirələrə və tarixi mübahisələrə nə ehtiyac var axı?”


Keçmiş nazir hesab edir ki, Paşinyan İlham Əliyevin fikirlərinə tam cavab verə bilməyib: “Birtəhər Düşənbə haqqında danışdı. Buna hətta Məmmədyarov da güldü. İlham Əliyev bizə öz müqəddəratımızı təyin etmək üçün başqa bir yer tapmağı tövsiyə edərkən, Paşinyan niyə yenidən Tiqran dövrünə qayıdır və orada olanlarda gülüş doğurur? Keçmiş xatirələrə və tarixi mübahisələrə nə ehtiyac var axı?”.

Erməni politoloq: “Əliyevin gülüşü müharibədə uduzan tərəfin biz olduğumuzu göstərdi” 


Politoloq Andranik Tevanyan da sosial şəbəkə səhifəsində yazdığı paylaşımda Paşinyanın bu debatda məğlub tərəf olduğunu etiraf edib: “Xalqları sülhə hazırlamaq” proqramı çərçivəsində Paşinyan və Əliyevin debatının şahidi olduq. Əvvəlcə, psixoloji hazırlığa və “bədən dili”nə toxunacağam. Əliyevin davranışı, duruşu, Paşinyana vaxtaşırı ironik gülümsəməsi, bəzən açıq gülüşü müharibədə uduzan tərəfin biz olduğumuzu göstərdi. Hətta Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Paşinyanın çıxışına güldü ki, bu da dövlətimizin başçısına, dolayısı ilə dövlətimizə hörmətsiz münasibətdir. Bunun günahkarı Paşinyandır. Əgər açıq görüşdə bu mənzərə yaşanırsa, görün, pərdə arxasında nələr olur. Qapalı görüşlərdə kimin necə davrandığı, kimin diktə etdiyi və kimin uduzduğu məlum oldu”. 

“Paşinyan sübut etdi ki, dövlət başçısı kostyumu onun üçün çox böyükdür”


Politoloq əlavə edib ki, debatdan rəsmi Bakının Qarabağı Azərbaycanın bir hissəsi kimi gördüyü, Şuşa və digər yaşayış məntəqələrini azərbaycanlılara qaytarmaq istədiyi məlum oldu: “Əliyev bütün bunlara mərhələli şəkildə nail olmağa razıdır. Azad edilmiş əraziləri geri qaytarmaq, qaçqın və məcburi köçkünləri torpaqlarına köçürmək və s. Əliyevin “Şahin” görünüşü fonunda Paşinyan Qərbin gözündə xal toplamaq üçün “Sülh göyərçini” kimi çıxış etməyə çalışır, amma bu, xüsusilə Münhendə mənasız və təhlükəli bir fəaliyyətdir. Paşinyan beynəlxalq auditoriya qarşısında belə bir ehtiyat və görüntü ilə danışaraq, bir daha sübut etdi ki, dövlət başçısı kostyumu onun üçün çox böyükdür! Çox!”. 

Paşinyanın debatda uduzması ikrahla qarşılandı: “Ayıb olsun!”


Erməni yazıçısı Anna Turcotte sosial media hesabında Ermənistan baş naziri Nikol Paşinyana qarşı sərt ittihamlarla çıxış edib. Yazıçı Paşinyanın debatda uduzmasını onun kütlüyü ilə izah edib. Erməni yazıçısı vurğulayıb ki, məhz Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskusiyaya lazımınca hazırlaşa bilməməsi həm onu, həm də bütün Ermənistanı gülünc vəziyyətə salıb. Paşinyanın İlham Əliyevə bütün parametrlərdə uduzduğunu bildirən yazıçı xanım Ermənistan baş naziri haqqında “ayıb olsun” ifadəsini işlətməkdən də çəkinməyib. 

Qriqoryan Paşinyanı söydü: “Bu, fiaskodur, “bratan”


Erməni şərhçi Qalust Qriqoryan da Münhendə baş tutan debata münasibət bildirib. O vurğulayıb ki, əfsuslar olsun ki, bundan sonra beynəlxalq ictimaiyyətin fikri Ermənistanın xeyrinə olmayacaq: “Nə deyirsinizsə, deyin, Azərbaycan Prezidenti hazırlıqlı və bacarıqlı siyasətçidir. Bütün Ermənistan çox şeydə olduğu kimi, bu məsələdə də Nikol Paşinyanın İlham Əliyevlə mübahisədə lazımi arqumentləri tapacağına inanırdı. Əlbəttə, bunu etməyin çətin olduğu aydın idi. Çünki Azərbaycan Prezidenti hazırlıqlı siyasətçidir. Biz gördük ki, Paşinyan sadəcə cansıxıcı idi. Hətta zalın alqışlarını da toplamağı bacarmadı. Məsələ təkcə onun ingilis dilində bərbad danışması deyil. Paşinyan Əliyevlə debatda hazırlıqsız olduğunu göstərdi, hətta Şaumyan rayonunun Dağlıq Qarabağın tərkibində olduğuna dair başdansovdu fikri ilə özünü bitirdi. Bütün arqumentlər göstərdi ki, bizim baş nazirin bazası zəifdir. Bəli, bu yalnız debatda məğlubiyyətdir və danışıqların gedişinə təsir etməyəcək. Lakin belə debatda münaqişə tərəfləri dünya ictimaiyyətində fikir formalaşdırırlar”.