“Prezidentin Zirvə Görüşü təşəbbüsü yerində və məntiqlidir” 

"Belə bir dövrdə türk dövlətlərinin bir araya gəlib,  qarşılıqlı yardımlaşma planı hazırlaması çox müsbət haldır"


“Dövlət başçısı İlham Əliyev sadəcə ölkə daxilində deyil, ümumən dünyaya, türk dünyasına yönəlik təhdid kimi qəbul olunan pandemiyaya qarşı mübarizə təşəbbüsü ilə çıxış edir”.

Bunu “Sherg.az”a açıqlamasında tanınmış alim, siyasi elmlər doktoru, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib. 

Mərkəz rəhbəri bildirib ki, cənab Prezidentin bu təşəbbüsü nəticəsində türkdilli ölkələrin prezidentləri, baş nazirləri bir araya gələrək virusa qarşı ortaq mübarizə planlarını müzakirə etdilər: 

“Müzakirələr pandemiya səbəbinə görə, onlayn təşkil edilsə də, görüşün əhəmiyyəti çox böyükdür. Çünki həqiqətən də koronavirus pandemiyası dünya dövlətlərinin başına bəladır. Ölkələrin sosial-iqtisadi təhlükəsizliyi baxımından ciddi problemdir. Belə bir problemin cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə türk ölkələrinin liderləri tərəfindən müzakirə edilməsi olduqca vacibdir. Dövlət başçısının təşəbbüsü yerində və məntiqlidir”. 

H.Cabbarlı önəmli bir məqama da diqqət yönəldib: 

“Təxminən, 70 illik tarixi keçmişə sahib olan Avropa Birliyinin pandemiya çərçivəsində gördüyü işlərin yetərsiz qalması, AB-yə üzv olan dövlətlərin hamısının öz dərdinə düşməsi bu qurumun siyasi fəlsəfəsinə tərs olan bir məsələdir. Çünki bu təşkilatın siyasi fəlsəfəsi üzv dövlətlərin sadəcə sülh şəraitində deyil, müharibə və bu cür pandemiya zamanı da ortaq hərəkətetmə siyasətini güdürdü. Lakin bu dəfə biz bunu müşahidə etmədik. Tam əksinə, Avropa Birliyi üzvləri təkbaşına koronavirusa qarşı mübarizə aparırlar. Belə bir dövrdə türk dövlətlərinin bir araya gəlməsi və problemi müzakirə edərək, qarşılıqlı yardımlaşma planı hazırlaması çox müsbət haldır. Bu, eyni zamanda türkdilli ölkələrin problemə münasibəti, vəziyyətdən çıxış yolları üzrə ortaq fəaliyyəti baxımından da xüsusi əhəmiyyət kəsb edən tədbirdir”.