Xarici İşlər naziri Elmar Məmmədyarovun Əfqanıstanlı həmkarı Mohəmməd Hanif Atmar ilə telefon söhbəti baş tutub.
Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, nazir M.H.Atmar Əfqanıstanın dövlət başçısı səviyyəsində ikitərəfli əlaqələrə yüksək qiymət verdiyini qeyd edib. O, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsində beynəlxalq səyləri dəstəkləməsini, eləcə də Azərbaycanlı sülhməramlıların “Qətiyyətli dəstək” missiyası çərçivəsində iştirakını vurğulayıb və Azərbaycan tərəfinə verdiyi töhfələrə görə təşəkkürünü bildirib. Əfqanıstanlı nazir, habelə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi münasibətilə həmkarını təbrik edib.
Nazir M.H.Atmar ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb və bu xüsusda, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə həm ikitərəfli, həm də üçtərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın vacibliyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov, öz növbəsində Azərbaycan tərəfinin Əfqanıstan ilə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında cari ilin mayın 4-də Azərbaycanın sədrliyi ilə videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünə toxunan nazir, bu xüsusda BMT Baş Assambleyasının da xüsusi sessiyasının keçirilməsi təklifinin irəli sürüldüyünü qarşı tərəfin diqqətinə çatdırıb. Müəyyən olunmuş prioritetlərə uyğun olaraq və mövcud aktual məsələlər nəzərə alınmaqla, Qoşulmama Hərəkatı çərçivəsində həmrəyləyin gücləndirilməsi və Hərəkatın özünün nüfuzunun artırılması istiqamətində sədrlik fəaliyyətimizin davam etdirildiyi bildirilib.
Tərəflər, həmçinin iki ölkə arasında mövcud siyasi, iqtisadi, ticarət və nəqliyyat sahələrindəki əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar. Lapis-Lazuli nəqliyyat dəhlizinin strateji əhəmiyyəti qeyd edilib və bu çərçivədə əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq İşçi Qrupları səviyyəsində müzakirələrin aparılmasının əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsinin Lapis-Lazuli layihəsinə dəstəyin yeni bir komponenti ola biləcəyi qeyd edilib.
Nazirlər, eyni zamanda iki ölkə arasında müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər qlobal pandemiya yekunlaşdıqdan sonra ölkələrə səfərlərin edilməsi məqsədilə qarşılıqlı dəvətlərini ifadə ediblər.