Moskvadakı hərbi paradda iştirak niyə zəruridir? - TƏHLİL

Moskvada İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı hərbi parad mayın 9-da keçirilməli idi. Rusiya prezidenti Vladimir Putin bu parada böyük əhəmiyyət verirdi, qonaqların siyahısı əvvəlcədən tərtib olunmuşdu. Ancaq olmadı. Koronavirus epidemiyası Kremlin planlarını pozdu.
Moskva epidemiya ilə mübarizəni davam etdirir, qonşu ölkədə virusa yoluxanların sayı azalmır. Buna baxmayaraq, Vladimir Putinin qəraryıla hərbi parad bu ayın 24-də keçiriləcək. Yəni Kreml bütün risklərə rəğmən, hərbi paradı keçirmək həvəsindədir. Hərbi parada Azərbaycan ordusunu 75 hərbi qulluqçudan ibarət heyət təmsil edəcək. Paradda hərbçilərimizin ölkəmizin istehsalı olan silahlarla təntənəli keçidi olacaq. Mərasimdə Azərbaycanı müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.

Azərbaycan hərbçilərinin Moskvadakı ağır epidemeloji vəziyyəti nəzərə alaraq məlum tədbirdə iştirakı nə dərəcədə vacibdir?

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a açıqlamasında Rusiyanın regional siyasətindən narazı olduğunu bildirib. 

Analitikin fikrincə, Rusiyanın siyasi və hərbi dəstəyi olmadan Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamağa gücü çatmaz:

“Elə 2016-c ilin aprel ayında savaşın cəmi 4 gün çəkməsinə görə İrəvan Moskvaya minnətdar olmalıdır. Əks halda hərbi qüvvələrimiz daha böyük əraziləri azad edəcək, bu isə bəlkə də Ermənistanın o zamankı hakimiyyətini münaqişənin həlliylə bağlı “mərhələli həll” planına razılaşmağa vadar edəcəkdi. Kreml açıq-aşkar hadisələrin bu istiqamətdə inkişafını əngəllədi.

Buna baxmayaraq, rəsmi Bakı Kremlin “Sizin hərbçilər də Moskvadakı hərbi paradda iştirak etsin” dəvətinə mənfi cavab verə bilməzdi.
Birincisi, keçmiş SSRİ-nin faşizm üzərində qələbəsində Azərbaycanın və azərbaycanlıların da payı var. Müharibədə 300 min soydaşımızı itirmişik, neftimiz olmasaydı, sovet tankları və təyyarələri yerindən tərpənməyəcəkdi. Bunun bir daha vurğulanması səbədindən hərbçilərimizin paradda iştirakı zəruri sayıla bilər.

İkincisi, paradda erməni hərbçiləri də iştirak edəcək. Yəni Moskvadakı paradda erməni hərbçiləri iştirak edib, azərbaycan hərbçiləri iştirak etməsəydi, İrəvan bundan Azərbaycana qarşı informasiya müharibəsində istifadə edəcəkdi. Digər tərəfdən Kremlin özü də Bakının “yox” cavabından narazı qalacaq və gələcəkdə bu amildən Azərbaycana qarşı istifadə edəcəkdi. Hazırki şərtlər daxilində Moskva ilə münasibətləri gərginləşdirmək üçün İrəvana bəhanə verməyə lüzum yoxdur”.

E.Şahinoğlu qeyd edib ki, Azərbaycan hərbçilərinin Moskvadakı paradda iştirakı ölkəmizin yalnız Rusiyadakı hərbi paradda iştirakıyla kifayətlənməsi anlamına gəlməməlidir:

“Azərbaycan hərbçiləri dost və müttəfiq dövlətlərin, o cümlədən Pakistanın, Belarusun hərbi paradlarında da iştirak ediblər. Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyi ilə bağlı paytaxtımızda Azərbaycan və Türkiyə ordularının hərbi paradda birgə iştirak hələ də xatirələrdədir. Dəvət edildiyimiz  halda dost, müttəfiq və tərəfdaş dövlətlərin hərbi paradlarında iştirak zəruridir”.