“AŞ PA həmməruzəçiləri bu qurumun legitimliyinə şübhə yaradır”


Son vaxtlar Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi Prezident İlham Əliyevin diqqətindən yayınmayıb.
Tərtər Olimpiya İdman Kompleksinin açılışında bu məsələyə toxunan Prezident deyib ki, bu gün biz dünyanın demokratiyanın beşiyi sayılan ölkələrində Hollivud filmlərini xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsinin, şahidi oluruq.

Lakin Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya verən AŞ və Qərbin bəzi dairələri bu kimi hallara göz yumur və səsini belə çıxarmağa cürət etmir.

Azərbaycana qarşı AŞPA-nın antipatiyasının səbəbi nədir? 

Bu təşkilatın ölkəmizə qarşı  qərəzli mövqeyini şərh edən  politoloq Yeganə Hacıyeva “Sherg.az”a deyib ki  Avropa Şurası Parlament Assambleyası  47 üzv dövlətin siyasi qrup nümayəndələrindən formalaşan bir təşkilatdır. Məntiqi olaraq da müxtəlif siyasi qrupların öz
maraqlarını təşkilatın hesabına müdafiə etmək, AŞPA-nın imkanlarını öz maraqları üçün istifadə etmək  cəhdləri gözlənilən və qaçılmazdır:



"AŞPA-da üzv ölkələri müxtəlif mövzularda informativ xarakterli dinləmələrin təşkili, ölkələr üzrə bu və ya digər mövzularda hesabat hazırlayacaq həmməruzəçilərin təyin olunması və qurumun fəaliyyətinin səməriliyinin artırılması üçün  hesabatların təşkil olunması adi praktikadır. Ancaq bu dinləmələr, hesabatlar və ya həmməruzəçilərin fəaliyyətinin bu və ya digər ölkələrə qarşı təzyiq və təsir üsulları kimi istifadə olunması da sirr deyil.

Digər bir reallıq var ki,  beynəlxalq təşkilatlarda uzun illərdir, müxtəlif siyasi-iqtisadi lobbi qrupları təşəkkül tapıb və bu təşkilatlar  üzv ölkələrin  rəqib ölkələrə qarşı təhrif olunmuş informasiyalar əsasında qərəz və təzyiq kampaniyalarının aparılması təcrübəsini geniş tətbiq olunduğu platformaya çevrilib.

Məqsəd və məramnaməsində qanunun aliliyinə dəstək vermək, aid olduğu coğrafiyada sülh və sabitlik naminə əməkdaşlığın inkşaf etdirilməsi olan AŞPA da təəsüfki  üzv ölkələrə təzyiq və təsir vasitəsi kimi qurumdaxili nizamnamə və prosedurların pozulması ilə müşayiət edilən prosedurların həyata keçirilməsi adi hal alıb.

AŞPA-nın  Azərbaycanla bağlı bir neçə nümunə göstərmək istərdim, məsələn, 2017-ci ildə AŞ-nın siyasi və icra qurumu olduğu Avropa Şurası Nazirlər Komitəsinin Azərbaycana qarşı addımlarında müstəqil beynəlxalq məhkəmə orqanı Avropa İnsan Haqları Məhkəməsinə təsir etmək cəhdinin şahidi olduq.

Bu işin nonsensliyi o idi ki, Avropa İnsan Haqları Məhkəməsinə heç bir təsir mexanizminə malik olmayan, ancaq məhkəmənin qərarlarına nəzarət və monitorinq əsasında tövsiyə verə bilən Avropa Şurası Nazirlər Komitəsi siyasi qərarla Azərbaycanla bağlı bir məhkəmə qərarını Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması proseduru başlatdı.

Məsələ ondadır ki, Avropa Şurası Nazirlər Komitəsinin bu proseduru başlatması üçün sadəcə hüquqi bazası mövcud deyildi və bu, Avropa Şurası Nazirlər Komitəsinin müstəqil beynəlxalq məhkəmə institutu olan Avropa İnsan Haqları Məhkəməsinə birbaşa təsir cəhdi idi. 

Digər bir nümunədə isə, məsələn, 2018-ci ildə AŞPA Müstəqil İstintaq Qrupu adlı surroqat bir təsisat yaratdı bu təsisat 2017-ci ildə qəbul edilən daxili prosedur və etik qaydalara dəyişikliyi nəzərdə tutan “Parlament Assambleyasında üzvlərin məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi” sənədinın əsasında AŞPA üzvləri barədə Korrupsiya İttihamları üzrə hesabatın təqdim etdi. Məsələnin qərəzliliyi sonrakı addımların absurdluğunda özünü daha aydın göstərdi, 2017-ci ildə qəbul olunmuş bu sənədin əsasında 2010-cu və hətta daha öncəki illərdə fəaliyyət müddəti bitmiş deputatlara qarşı sanksiyalar tətbiq olundu".

AŞPA üzvü olan müstəqil dövlətlərin hüquq-məhkəmə sisteminə təzyiq cəhdləri, hüquqi proseslərə siyasi qərarlarla təsir cəhdləri və siyasi təqib kampaniyalarının səbəbinə gəldikdə isə  politoloq deyib ki,  son illər qlobal müstəvidə "demokratiya", "insan haqları" mövzusu ətrafında yaradılmış süni ajiotajın dövlətlərə və hökumətlərə  təsir vasitəsi kimi geniş istifadəsi təcrübəsi mövcuddur. 

Xüsusilə Azərbaycan kimi enerji, iqtisadi və təhlükəsizlik sahələrində strateji coğrafi mövqelərə malik, separatizm və işğaldan əziyyət çəkən ölkələrə qarşı rəqib cəbhədən geniş istifadə olunmaqdadır: 

 "Beynəlxalq təşkilat kimi beynəlxalq hüququn təmin olunmasında vasitəçi olmalı olan, əsas məramı və məqsədi üzv ölkələr arasında qanunun aliliyinin təmin olunmasında vasitəçi olmalı olan, aid olduğu cooğrafiyada stabillik, sülh və təhlükəsizliyin inkşafına səbəb ola biləcək fəaliyyət həyata keçirməli olan AŞPA hətta Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində beynəlxalq və Azərbaycan hüquqlarına zidd “seçki” keçirilməsini görməzdən gəldi.

Azərbaycan üzrə insan haqları həmməruzəçiləri isə Azərbaycanın işğal olunmuş ərazilərində təcavüz, etnik təmizləmə və irqi ayrıseçkiliyə məruz qalan bir milyona yaxın əhalinin fundamental hüquqlarının, seçki hüququnun pozulmasını sanki görmədi.

Bu qədər qərəzli olan AŞPA həmməruzəçiləri, nəinki insan haqlarının müdafiəsi sahəsində hörmətdən düşürlər, həmçinin AŞPA-nın bir beynəlxalq qurum kimi legitimliyinə şübhə salmış olurlar. Qurum bu vəziyyətlə bağlı ölkə başçısının haqlı iradlarına mövqeyini bildirməli və Azərbaycanla gələcək əməkdaşlığını normal müstəvi üzərində qurmalıdır.

İkinci bir mövzu  ki, Azərbaycan Prezidentinin haqlı iradının ünvanı olan  demokratiyanın beşiyi sayılan ölkələrdə “Hollivud filmlərini xatırladan polis qəddarlığının, zorakılığının, insanların polis tərəfindən döyülməsi və s.kimi hadisələrə  Azərbaycanda kiçik bir çırtmaya dərhal reaksiya verən AŞ və Qərbin digər institutlarının susqunluğu, bu özü bəzi həqiqətləri qlobal səviyyədə aşkara çıxarır.
 
Həqiqətlər ondan ibarətdir ki, son illər qlobal siyasi müstəvidə "demokratiya", "insan haqları" mövzusu alət olaraq geniş istifadə olunmaqdadır. Zaman-zaman bu mövzular ətrafında yaradılmış süni ajiotajın dövlətlərə və hökumətlərə kənar təsir vasitəsi kimi geniş istifadəsi olunur.  

Aşkara çıxan ən əsas həqiqət isə, bizim də Azərbaycanda uzun illərdir israr etdiyimiz bir həqiqətdir.  Qlobal səviyyədə dövlətlərin  demokratik və ya avtoritar olması haqqında rəylər formalaşması onların xarici siyasətdə demokratiya “fasadının”  necə uğurlu və ya uğursuz qurmasından asılıdır.

Bir sıra halları çıxmaq şərti ilə ölkələr bir birlərindən məhz bununla fərqlənir: demokratiya dekorasiyasını uğurlu və ya uğursuz quran ölkələr.  Mövzu dövlətlərin milli maraqları  və daxili stabilliyi olunca, demokratiyanın beşiyi sayılan ölkələr üçün də “demokratiya və insan haqqları” daha arxa  plana keçir".