Belqrad bütün hallarda haqsızdır

Serbiyadan Ermənistana silah tədarük edənlər ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini bilməlidir



Serbiyanın Ermənistana silah satması Azərbaycanla ikitərəfli münasibətlərə mənfi təsir göstərir. Əfsuslar olsun ki, rəsmi Belqrad səhvini düzəltmək əvəzinə, absurd açıqlamalarla əlaqələri bir qədər də zədələyir. Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsi tərəfindən Ermənistana silah satışına bəraət qazandıraraq deyib ki, silah ticarəti hərbi istehsal sahəsinin uğurunu təmin edən yeganə variantdır. Onun sözlərinə görə, silah satışı bu sahədə çalışan minlərlə insanın yaşayışını təmin edir:

“Həm Azərbaycan, həm də Ermənistan dostlarımızdır. Son illər Azərbaycana on dəfə çox silah satmışıq, amma nədənsə, heç bir xəbər lenti bu barədə məlumat vermək istəmir. Hərbi sənayedə iş yerlərini qorumalı olan 17 min insan çalışır. Mən sizdən, prinsipial olaraq soruşuram, gələcəkdə kimə satacağıq? Kimə satsaq, başqa tərəf narazı olacaq”.

Əlbəttə, bu cür açıqlama rəsmi Bakını qane edə bilməz. Başqa ölkənin ərazisini işğal etmiş bir dövlətə silah satmaq heç də normal ticarət sayılmır. Belqrad nəzərə almalıdır ki, Azərbaycan tərəfi Kosovanın müstəqilliyini tanımayıb və öz hərbçilərini birincilər sırasında oradan çıxarıb. Biz Kosovanın “müstəqilliyinə” etiraz edən ilk ölkələrdən olmuşuq.

2010-cu ildə Bakıda Serbiya prezidenti Boris Tadiçlə görüşən Prezident İlham Əliyev Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Lakin Ermənistan hər zaman Kosovaya arxa-dayaq durub və açıq dəstəyini sərgiləyib. Bugünə kimi də Ermənistan hərbçiləri Kosovadadır. Bütün bu reallıqlara rəğmən, təəssüf ki, Serbiya qeyri-adekvat davranışı ilə ikitərəfli münasibətlərin ruhuna uyğun davranış nümayiş etdirmir. 

Serbiya prezidentinin açıqlamasını “Şərq”ə dəyərləndirən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, Serbiya ciddi şəkildə xarici siyasi çağırışlar qarşısındadır. Analitik bildirib ki, ölkədə iqtisadi vəziyyət yaxşı deyil:

Serbiyadakı hərbi zavodları idarə edən silah mafiyası hökumətin təlimatlarına qulaq asmır. Özəl silah şirkətləri üçün vacib məqam satış bazarını genişləndirmək və hər müştəriyə silah satmaqdır. Görünür, həmin dairələr məsələyə məsuliyyətlə yanaşmayıb və siyasi tərəfləri araşdırmayıblar. Serbiyadan Ermənistana silah tədarük edənlər ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini bilməlidir. Beynəlxalq hüquq rəsmi Bakının haqlı mövqeyini müdafiə edir və işğalçı Ermənistanın təcavüzünü qınayır. Əgər hər şeyə rəğmən, qlobal platformalarda Kosova məsələsində Serbiyanın yanında dururuqsa, Belqrad da rəsmi Bakının tərəfində olmalı idi. Lakin hökumət silah ticarətinə fərqli don geyindirməyə çalışır”.  

Z.Məmmədov bəyan edib ki, Serbiya ermənilərə silah satışına ciddi yanaşmalı idi:

“Azərbaycan və Serbiya siyasi-iqtisadi müttəfiq deyillər, sadəcə, tərəfdaş ölkələrdir. O baxımdan Serbiyadan Dağlıq Qarabağ münaqişəsində birbaşa bizi dəstəkləməsini gözləmirik. Uzun müddət Belqradla əlaqələrimiz yox səviyyəsində olub. Lakin son illərdə iki dövlətin münasibətlərində müəyyən irəliləyiş hiss olunurdu. Ən azından bu səbəbdən rəsmi Belqradı məsuliyyətli davranmağa səsləyirik. Ümid edirik, bundan sonra silah ticarətində həssaslıq nümayiş etdirməyi bacaracaq”.