Pandemiya Ermənistan ordusunu sarsıdıb

Ön xətt bölmələrində hərbi tibbi maşınlar gün boyu əsgər daşımaqla məşğuldur

Ermənistan ordusunda şəxsi heyətin koronavirusa yoluxma halları artır. Xüsusən, qoşunların təmas xəttində yerləşən erməni hərbi bölmələrində kütləvi xəstəlik yayılır. Ağdam və Tərtər rayonu arasında yerləşən ön xətt bölmələrində hərbi tibbi maşınlar gün boyu əsgər daşımaqla məşğuldur. Erməni əsgərlərin Ağdərə və Xankəndində yerləşən hospitallara aparıldığı bildirilir. Xəstələrin əsas əlamətləri halsızlıq və kəskin hərarətdir. Hökumət uzun müddət itkiləri gizlətməyə çalışsa, ara-sıra həqiqəti etiraf etməyə məcbur qalır. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan iyul ayı ərzində 30 əsgərdə koronavirus aşkarlandığını bildirib. Lakin yoluxanların dəfələrlə çox olduğu istisna edilmir. 

Ermənistan silahlı qüvvələrində koronavirus reallığının gizlədilməsini “Şərq”ə təhlil edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri, Qarabağ qazisi Əlisahib Hüseynov deyib ki, erməni ordusunda koronavirusun kütləvi şəkildə yayılması gözlənilən idi. Partiya sədrinin fikrincə, düşmən ordusunda nəinki psixoloji durum, həmçinin sanitar-gigiyenik vəziyyət də olduqca bərbad haldadır:

“Orduda dözülməz vəziyyət COVİD-19 virusunun sürətlə yayılmasına əlverişli zəmin yaradır. Ermənistan rəsmiləri faktları gizlədə bilmirlər. Mart-aprel aylarında düşmən ölkənin Müdafiə Nazirliyi erməni əsgərləri arasında koronavirusun yayılmasını hər vəchlə inkar edirdi. Nazirliyin sözçüsü Şuşan Stepanyan orduda koronavirusa yoluxmalarla bağlı yayılan xəbərləri birmənalı təkzib edirdi.

Lakin həmin vaxt qonşu Gürcüstan KİV-lərinin yaydığı məlumatlardan aydın olurdu ki, hələ mart ayının ilk günlərindən başlayaraq Ermənistan ordusunda şəxsi heyətin koronavirusa yoluxma halları kütləviləşir.

Ermənistanda qurumlar yalan danışmağa, həqiqətləri gizlətməyə vərdiş ediblər. Ümumiyyətlə, yalan bütün erməni rəsmilərinə xas olan xüsusiyyətdir. Ancaq həqiqət gec-tez üzə çıxır. Düşmən ordusunda hökm sürən acı reallıqlar gün üzünə çıxmaqdadır”. 

Ə.Hüseynov xatırladıb ki, baş nazir Nikol Paşinyan dəfələrlə erməni ordusunda fövqəladə vəziyyətin, “dedovşina”nın, qida çatışmazlığının, rüşvət və oğurluq hallarının baş alıb getdiyini etiraf edib:

“Baş nazir bununla əlaqədar bir sıra yüksək rütbəli erməni zabitlərini həbs etdirmişdi. Lakin həbslər heç nəyi dəyişmədi. Paşinyan Ermənistan silahlı qüvvələrində, hərbi hissələrin kazarmalarında hökm sürən rüsvayçı vəziyyəti aradan qaldırmağa nail ola bilmədi. Koronavirus pandemiyası da bir tərəfdən Ermənistan ordusunun bərbad durumunu bir qədər də pisləşdirdi. Bütün bunlar şübhəsiz ki, erməni ictimaiyyətinin, əsgər analarının diqqətindən yayına bilməzdi. İyul ayında Ermənistanda baş qaldıran etiraz aksiyalarında hökumətə qarşı yönələn əsas qınaqlardan biri ordudakı acınacaqlı durumla bağlı idi”. 

DADP sədri vurğulayıb ki, ordudakı çoxsaylı problemləri ört-basdır etmək üçün Ermənistan hakimiyyəti həm işğal olunmuş ərazilərimizdə, həm də Ermənistan-Azərbaycan sərhədində tez-tez təxribatlara əl atır:

“12 iyulda Ermənistan tərəfinin törətdiyi təxribatın və baş verən silahlı toqquşmanın həm də düşmən ordusundakı reallıqları gizlətməyə hesablandığını istisna etmirəm. Lakin göründüyü kimi bu toqquşma Ermənistan ordusunun fiaskosu ilə nəticələndi.

Paşinyanın ordudakı vəziyyəti pərdələmək planları alt-üst oldu. Əksinə, hər təxribatda Ermənistan ordusunun psixoloji səbatsızlığı, döyüş qabiliyyətsizliyi daha bariz üzə çıxmaqdadır”.