"Ermənistan bundan sonra Qarabağda öz silahlı qüvvələrini yerləşdirməyəcək" - Politoloq

“Qarabağdakı separatçıların “lider”lərindən olan Vitali Balasanyanın “Artsax müdafiə ordusunun” gücləndirilməsini vurğulması populizmdir”. 



Bu sözləri “Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə deyib. 

Siyasi şərhçi bildirib ki, bölgədəki separatçıların bundan sonra güclənməsi qeyri-mümkündür:

 

“Ermənilərin Qarabağda əvvəlki illərdə olduğu kimi rahat yaşaması mümkün deyil. Ermənistan bundan sonra Qarabağda öz silahlı qüvvələrini yerləşdirməyəcək. Bu, digər ölkənin ərazisinə qanunsuz hərbi müdaxilə deməkdir. Əgər, Ermənistan öz hərbiçilərini bu ərazilərə göndərərsə, Rusiya sülhməramlı bunun qarşısını almalıdır. Əgər almazlarsa, Azərbaycan Ordusu Qarabağda hərəkətə keçməlidir. Balasanyan, Araik Arutunyan Ermənistanda Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə vəziyyətin düzələcəyini gözləyirlər.

Hesab edirlər ki, Ermənistan rəhbərliyi və paralel Rusiya onları yenidən silahlandırıb, müharibənin başlanmasına gedəcəklər. Ötən illərin ssenarisinin yenidən baş verməsi üçün Koçaryanın hakimiyyətə gəlməsi üçün maksimum çalışırlar. Ancaq Türkiyənin Qarabağda olması bütün təxribatların, həm də Rusiyanın təzyiqlərinin qarşısını alır. Xüsusən, Şuşadakı hərbi qüvvələrimiz separatçıların başı üzərində daim “domokl qılıncı” olmalıdır”.