ABŞ və Fransa fəallaşır:“Minsk Qrupunun qayıtmasını istəyirlər”

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva mediaya açıqlamasında ATƏT-in Minsk Qrupunun üzvlərinin fəaliyyətindən danışıb. O, deyib ki, həmsədrlərin bəyanatında qeyd etdiyi məsələlər, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan son gərginliklər, diversant qrupun Azərbaycan ərazilərinə daxil olaraq terrorçu-təxribat aktı törətmək cəhdi, delimitasiya və demarkasiya prosesi, habelə bölgəyə humanitar çıxışın təmin edilməsi ilə bağlı mövqeyimiz dəfələrlə rəsmi açıqlamalarda bildirilib.


ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 28 may 2021-ci il tarixli bəyanatına münasibət bildirən XİN rəsmisi vurğulayıb ki, Azərbaycan azad olunmuş ərazilərin bərpası və insanların bu ərazilərdə yenidən sülh şəraitində birgə yaşayışının təmin edilməsi üçün bütün səylərini səfərbər edib və müvafiq tədbirləri həyata keçirir: 

"Beynəlxalq humanitar təşkilatlarla beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlıq həyata keçirilir, o cümlədən Qarabağda müharibənin təsirinə məruz qalan insanlara humanitar yardımın göstərilməsi üçün müvafiq addımlar atılıb. Həmsədrlərin bəyanatında istinad etdiyi saxlanılan 6 erməni hərbçisi ilə bağlı xatırladırıq ki, erməni hərbçiləri yolların minalanmasına yönəlmiş təxribat törədərkən saxlanılıblar. Azərbaycanın azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış minalar gündəlik əsasda insanların həyatına təhlükə törətdiyi bir vaxtda, Ermənistanın minaların yeri ilə bağlı məlumatı təqdim etməkdən imtina etməsi, üstəlik, əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır. Odur ki, həmsədrlər “hamının hamıya” prinsipi əsasında saxlanılan şəxslərin dəyişdirilməsini təklif etmədən öncə, ən azı bu şəxslərin saxlanma səbəblərinə diqqət ayırmalı, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdır”.

 Vasitəçilər isə hələ də “ağızlarına su alıb otururlar”. Hətta bununla da kifayətlənmir, bütün imkanları ilə “suyu bulandırmağa” çalışırlar. Ola bilsin, yenə də könüllərinə gəlib, yeyib-içib, getmək düşüb...

 Siyasi analitik Turab Rzayev Minsk Qrupunun həmsədrlərinin fəallaşması barədə “Sherg.az”a danışdı. O, tərəflərin maraqlarını sadaladı: 

“Rusiya onsuz da fəal idi. Ermənistan isə ABŞ və Fransaya çağırış edərək sərhədlərin müəyyənləşməsində “oyunçu” olmasını istəyir. Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın məqsədi özünə beynəlxalq dəstək qazanmaq və Rusiyanın təzyiqlərinə qarşı “hava yastığı” yaratmaqdır. Əslində ABŞ və Fransa da bunda maraqlıdırlar. Çünki Rusiyanın proseslərdə təkbaşına iştirak etməsini istəmirlər”.

T.Rzayevin fikrincə, baş verənlər də heç də Kreml rəhbərliyinin ürəyincə deyil: 

“Rusiya Qarabağdakı sülhməramlı qüvvələri ilə orada həlledici qüvvə olduğunu göstərməyə çalışır. Moskva Vaşinqton və Parisi incik salmağı, qınaq obyektinə çevrilməyi arzulamır. Əslində onların fəallaşması şimal qonşumuzun ürəyincə deyil. Moskva ancaq özü proseslərə nəzarət etmək niyyətindədir. Odur ki, belə demək mümkünsə, Kreml Minsk Qrupunun sadəcə adının qayıtmasını istəyir”.