Paşinyan orduya nəzarət edə bilmir 

Bu sistem Moskvanın adamları ilə doludur

“Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələr çox təhlükəlidir”.
“Şərq” xəbər verir ki, bunu REAL Partiyasının sədr müavini Natiq Cəfərli deyib. Ekspert bildirib ki, indi Ermənistan tərəfdə baş verən bütün hadisələr bir məqsədə - 20 iyun seçkilərinə hesablanıb:

“Paşinyanın da, rəqiblərinin də hər sözü, hər addımı seçkilər prizmasına görədir. Görünən odur ki, Paşinyan nə orduda, nə də təhlükəsizlik sistemində tam söz sahibidir. Bu strukturlara tam nəzarət edə bilmir, bu orqanlar "Qarabağ klanının", daha çox isə Moskvanın adamları ilə doludur.

Nikolun rəqibləri sərhəddə gərginlik yaratmaqla, "ölkə özünü qoruya bilmir, vətən əldən gedir, Paşinyan torpaqları satır" görüntüsü yaratmaq istəyirlər.

Çox təhlükəli vəziyyətdir. Sərhəddə olan əsgərlərimiz diqqətli olmalıdır. Ermənilər tez-tez provokasiya edəcək, əsəblərimizlə oynayacaq ki, kimsə dözməsin, silah çəksin, bir neçə nəfər Ermənistan əsgərini öldürsün. Məhz o zaman İrəvanda Nikolun rəqibləri siyasi şouya başlayacaqlar”. 

Siyasi şərhçiyə görə, son hadisələr bir daha göstərdi ki, tezliklə sərhədlərin dəqiqləşdirilməsi məsələsi başa çatmalıdır:

“Ermənistanla sərhədimiz istehkamlara çevrilməlidir. Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, heç kəsin ağlından revanşist fikirlər keçməməli, sərhəddə quracağımız təhlükəsizlik sistemi dünyada ən yaxşılardan olmalıdır.

İşimiz çoxdur, 400 km-dən çox Ermənistanla yeni sərhəd zolağımız yaranıb. Hələ İranla da 130 km-dən çox işğaldan azad edilmiş  sərhəd xəttimizi möhkəmləndirməliyik”.