Rusiya məqsədinə çatır: “Zəngəzurun müəyyən hissəsini...”

İrəvanda itkin düşmüş hərbi qulluqçuların valideynlərinin etiraz aksiyası keçirilir. Bu barədə “Telegram”ın Ermənistan seqmentində məlumat yayılıb. İtkin düşən hərbçilərin valideynləri və yaxınları İrəvanın Qeratsi küçəsinin hər iki istiqamətdə bağlayıblar. Etirazçılar bildirirlər ki, hakimiyyət bütün bu müddət ərzində ölmüş hərbçilərin cəsədlərini soyuducularda saxlayıb. Növbədənkənar seçkilər ərəfəsində düşmən ölkədə vəziyyət olduqca xaotikdir. Siyasətçilər bir-birilərinin “ayıblarını göstərməklə” təbliğat kampaniyasını davam etdirirlər. Bu isə onu deməyə əsas verir ki, qarşıdakı bir neçə həftədə rəsmi İrəvan “qaynar qazana” çevriləcək.


 “Ədalət” partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü Ermənistanda növbədənkənar seçkilər barədə proqnozlarını “Sherg.az”la bölüşdü: 

“Hazırkı etirazlar Köçəryanın planıdır. Həm iğtişaşlar, həm də sərhəddəki gərginlik Paşinyanın reytinqini azaldır. Fikrimcə, xaotik durum seçkilərədək davam edəcək. Köçəryanın həmlələri nəticəsində Paşinyanın reytinqinin müəyyən qədər azalmasına rəğmən, bloku yenə də öndədir. Hətta gələcəkdə Köçəryana qarşı vahid koalisiya da yarana bilər. “Qarabağ klanı”nın şansı, demək olar, yoxdur. Çünki erməni cəmiyyəti müharibədən yorulub. Xalqa dinc siyasət yeridən iqtidar lazımdır. Kim Azərbaycanla, Türkiyə ilə əlaqələrin qurulmasında maraqlı olsa, o da qalib gələcək”.

 E.Şükürlü, həmçinin baş verənlərə Rusiyanın münasibətindən də danışdı: 

“Moskvanın Köçəryanın arxasında dayanaraq onu hakimiyyəti gətirəcəyi ehtimalları real deyil. Kremlin istədiyi Köçəryan və tərəfdarlarının parlamentdə təmsil olunmasıdır. Məqsəd isə Paşinyana və digərlərinə qarşı təzyiq aləti yaratmaqdır. Amma Rusiya heç bir halda müxalif qüvvənin hakimiyyətə gəlməsində maraqlı deyil. Çünki şimal qonşumuz kommunikasiyaların ən qısa zamanda açılmasını istəyir. Hakimiyyət dəyişsə, bu proses uzanacaq və rəy yaranacaq ki, Moskva sülhməramlı missiyasını yerinə yetirə bilmir. Bu isə onun beynəlxalq miqyasdakı imicinə zərbədir. Rusiya Ermənistan cəmiyyətində nüfuzu olmayan, ruspərəstlərin parlamentə gəlməsi və dediyim kimi, onlardan Paşinyana qarşı təzyiq aləti kimi istifadə etmək istəyir. Beləliklə, Ermənistanda imtiyazlar əldə etməyi planlayır. Məsələn, Zəngəzurun müəyyən hissəsinin Rusiyanın federal təhlükəsizlik xidmətinin nəzarətinə keçməsi barədə razılıq şimal qonşumuzun addım-addım məqsədinə çatdığını göstərir. Özü də Paşinyanı məhv edərək. Bir vaxtlar antirus siyasət yeridən və rus hərbi bazasının ölkəsindən çıxarılması iddiası ilə çıxış edən Paşinyan indi Moskvanın şərtlərinə əməl etməyə məcbur qalır”.