Ermənistan bütün iddialarından əl çəkməlidir

Paşinyan hakimiyyətinin yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmasıdır


Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb və proseslər bu reallıqlara əsasən cərəyan etməkdədir. Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi daim bölgədə fəal əməkdaşlıq mühitinin yaradılmasının tərəfdarı olub və bu istiqamətdə əməli fəaliyyət ortaya qoyub. Şübhə yox ki, regionun sülh və sabitlik adasına çevrilməsində Ermənistan da həvəsli olmalıdır. Çünki uzun illərdir xalqını faşist, işğalçılıq və düşmənçilik ideologiyası ilə qidalandıran Ermənistan rəhbərləri ermənilərin Azərbaycanla bağlı düşüncələrini zəhərləyiblər. Ancaq erməni cəmiyyəti anlamalıdır ki, Ermənistanın acınacaqlı vəziyyəti rəsmi İrəvanın, əsasən də Koçaryan-Sarkisyan tendeminin nəticəsidir. Məhz revanşizmi bərpa etməyə çalışanların sayəsində Ermənistan dalan dövlətə çevrilib. Bu dalandan çıxmağın yeganə yolu isə əsassız iddialardan əl çəkmək, Azərbaycan və Türkiyə ilə qonşuluq və sülh şəraitində yaşamaqdan ibarətdir. Bununla bağlı rəsmi Bakı və Ankaradan Ermənistana dəfələrlə çağırış edilib.

Vurğulanıb ki, iki dövlət arasında qanuni sərhədlərin demarkasiya və delimitasiya prosesi ən qısa zamanda yekunlaşmalı, kommunikasiyalar bərpa olunmalı, bölgə sülh dövrünə qədəm qoymalıdır. Ermənistan hökumətinə sülh çağırışları sadəcə Azərbaycan və Türkiyədən deyil, Avropa ölkələri və Rusiyadan da gəlməkdədir. Rusiyalı alim, türkoloq Viktor Nadein-Rayevski Ermənistan KİV-ə müsahibəsində bildirib ki, İrəvan Ermənistan-Türkiyə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinə dair bütün iddialarından və tələblərindən tamamilə imtina etməlidir. Alim vurğulayıb ki, əgər Ermənistan sülh və həmrəylik şəraitində yaşamaq istəyirsə, bu ölkə qonşularına olan iddialarından əl çəkməlidir. Onun sözlərinə görə, seçkilərdən sonra Ermənistanın xarici siyasətində böyük çağırışlarla yeni mərhələ başlanacaq: “Yaxın zamanlarda bütün sərhəd məsələləri tənzimlənəcək, Naxçıvan və Azərbaycanı birləşdirən Zəngəzur dəhlizi qurulacaqdır. Qeyd etmək lazımdır ki, müəyyən ərazilərin hələ də ermənilərin nəzarətində qalması Azərbaycan üçün bu münaqişənin tam şəkildə həll olunmaması anlamına gətirib çıxarır. Mən bu məsələlərin necə müzakirə ediləcəyini və Ermənistanın hansı mövqe tutacağını təsəvvür belə etmirəm. Çünki Ermənistan hakimiyyətindən bir dənə də olsa məntiqli açıqlama gəlmir. Lakin əminliklə bildirmək istəyirəm ki, yaxın günlərdə İrəvanın mövqeləri daha aydın olacaq və vəziyyət tənzimlənəcək”. 

Xarici işlər nazirimiz Ceyhun Bayramov iyulun 2-də Bakıda qırğızıstanlı həmkarı Ruslan Kazakbayevlə görüşü zamanı da bəyan edib ki, qonşu dövlətlərə qarşı qanunsuz tələblərin irəli sürülməsi və bu cür addımların atılması siyasətinin heç bir perspektivi yoxdur:

“Ermənistanda bunun əksini düşünənlər varsa onlar 30 illik təcavüz siyasətinin nəticəsi olaraq bugünkü vəziyyətə nəzər salsınlar və nəticə etibarilə bunun Ermənistana nə verdiyini özləri təhlil etsinlər”. Nazir təcavüz siyasətinin bumeranq effekti verdiyini bildirib: “Biz uzun illər deyirdik ki, təcavüz siyasətinin sonu yoxdur, qonşularla münasibətlər normallaşmalıdır, ölkələr arasında beynəlxalq sərhədlər müəyyən edilməlidir. Ermənistan cəmiyyəti də bu siyasətin ağır nəticəsini görür”. 
Erməni ekspertlər də bildirirlər ki, qarşıdakı dövrdə Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan hakimiyyəti konstruktiv mövqe nümayiş etdirərsə, işğalçı ölkə artıq formalaşmış yeni geosiyasi reallığın yaratdığı imkanlardan bəhrələnə və dinc həyatını qura bilər. Başqa sözlə, Prezident İlham Əliyevin təqdim etdiyi sülh və əməkdaşlıq modelinə üstünlük verilərsə, Ermənistan üzləşdiyi böhrandan yaxa qurtarar.

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında vurğulayıb ki, Azərbaycan dövlət başçısı cənab İlham Əliyev bu barədə dəfələrlə fikirlərini bəyan edib və rəsmi Bakının mövqeyini ortaya qoyub. Deputatın sözlərinə görə, Ermənistan ərazi iddialarına birdəfəlik son qoymalı, iki ölkə arasında yekun sülh razılaşması barədə sənəd imzalanmalıdır:

“Təbii ki, ilk növbədə sərhədlər müəyyənləşməli, bölgədə vəziyyət tam stabilləşməlidir. Ermənistan rəhbərliyi, xüsusən yeni hökumət dərk etməlidir ki, dövlətin, erməni xalqının düşdüyü acınacaqlı durumdan yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinin qurulmasıdır. Əgər Ermənistan hökuməti bu reallığı nə qədər tez anlayarsa, bölgəmizə sülh və əminamanlıq bir o qədər tez gələr. Əks halda bu məsələ cənab Prezidentin qəti iradəsi ilə həll olunacaq”. 

Parlament üzvünün sözlərinə görə, Ermənistanda seçki dönəmi idi və qeyri-müəyyənlik hökm sürürdü. Ona görə də bir müddət gözlədik ki, proseslər yekunlaşsın:

“Artıq seçki arxada qalıb. Ermənistan da bölgədəki yeni reallığa ayaq uydurmaq məcburiyyətindədir. Əsas tələbimiz budur və bununla bağlı beynəlxalq ictimaiyyəti mütəmadi məlumatlandırırıq. Ermənistan tez zamanda tələblərə əməl etməlidir. Fikrimcə, İrəvan hökuməti mövcud reallığı tezliklə anlayacaq. Yanlış mövqeyini düzəldəcək və bölgə xalqları ilə normal münasibət quracaq. Yekun sülh sazişi də imzalanacaq. Əgər ermənilər israrla düşmənçiliyi davam etdirsələr, yenidən dərslərini alacaqlar. Bundan heç kimin şübhəsi olmasın”.