Rusiya və Ermənistan bölgənin erməni əhalisinin köçünə mane olmağa çalışır
“Open Armenia” təşkilatı Ermənistan vətəndaşları arasında sorğu keçirib. Anonim sorğuda iştirak edən ermənilərin 64 faizi mühacirət etmək istədiyini dilə gətirib. Rusiyaya getmək istəyənlər 32 faiz, ABŞ-a getmək istəyənlər isə 25 faiz olub. Sonrakı yerlərdə isə müvafiq olaraq Kanadaya, Qazaxıstana, Ukraynaya və Fransaya mühacirət etmək istəyənlər gəlir. Sorğuda iştirak edənlərin 86 faizi maddi-sosial durumlarının, 91 faizi isə psixoloji vəziyyətlərinin çox pis olduğunu deyiblər. “Qarabağın statusu necə olacaq” sualına rəyi soruşulanların 64 faizi “bilmirəm”, 22 faizi “hər şey artıq həll olunub” cavabını verib. Respondentlərin 43 faizi isə Rusiyanı “qarabağlı ermənilərin dostu və müttəfiqi” hesab etmədiyini dilə gətirib. Sorğu Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərdə keçirilib.
Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, “Open Armenia” təşkilatının sorğusundan aydın olur ki, Ermənistanın iqtidarlı-müxalifətli siyasətçilərinin bir qismi hələ də reallıqdan uzaqdadır. Analitikin sözlərinə görə, əks təqdirdə, bir tərəfdə bu gün özünü hansısa qondarma rejimin nümayəndəsi hesab edənlər, Ermənistandakı ayrı-ayrı siyasətbazlar Qarabağın “statusu” ilə bağlı reallıqdan uzaq gülünc fikirlər səsləndirməzdi:
“Araik Arutyunyan, Robert Koçaryan, Armen Totoyan və digərləri toplumun fikirlərinə məsuliyyətlə yanaşsaydılar, həqiqəti başa düşərdilər. Rus sülhməramlılarının və Ermənistanın Azərbaycanın nəzarəti altında olmayan bölgələrdə ermənilərin sayını dəfələrlə şişirtməyinə baxmayaraq, bölgədə təxminən 16-20 min civarında erməninin yaşadığı bildirilir. “Open Armenia” təşkilatının və bir çox anonim tədqiqatların nəticələri onu deməyə əsas verir ki, Xankəndidə və ətraf rayonlarda yaşayan ermənilərin yarısından çoxu pandemiyanın bitməsini gözləyərək evlərini satmağı və xaricə köçməyi planlaşdırır. Sorğudan da göründüyü kimi, maddi durumlarının çox ağır olması və girovlarında olduqları separatçı siyasətbazların davranışları, yerli ermənilərin “böyük köç”ünün əsas səbəbləridir”.
Z.Məmmədov qeyd edib ki, indi həm Rusiya, həm də Ermənistan üçün vacib vəzifələrdən biri bölgənin erməni əhalisinin köç etməsinə yol verməməkdir: “İstisna deyil ki, gələcəkdə bəzi dairələr sülhməramlıların nəzarətindəki ermənilərdən öz təxribatlarında istifadə edə bilər. Bir müddət əvvəl Rusiyanın TVC federal televiziya kanalının efirində Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsindən “Zaqafqazski uzel” adlı reportaj efirə verilib. Jurnalist Vera Kuzminanın müəllifi olduğu reportajda “Dağlıq Qarabağ” ayrıca ölkə kimi təqdim olunub. Azərbaycana qarşı təxribatçı fikirlərin yer aldığı reportajda Xankəndidəki erməni sakinlərlə müsahibələr də yer alıb. Jurnalist “Dağlıq Qarabağ”da ermənilərin çoxunun Ermənistan deyil, Rusiya pasportu almağı arzuladığını bildirib. Xankəndinin erməni sakinləri müsahibələrində təhlükəsizlik üçün Rusiya vətəndaşı olmaq istədiklərini vurğulayıblar. Rusiyadakı bəzi dairələrin belə niyyət güdməsi çox təhlükəli proseslərlə nəticələnə bilər. Həmin qruplar bu kimi “xəyallara” düşərkən 15 iyunda Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsini nəzərdən qaçırmamalıdır”.