BMT missiyasının razılığı mühüm hadisədir


İnsanların işğaldan azad olunmuş ərazilərə köçürülməsi zamanı beynəlxalq dəstəyə ehtiyac var

Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında aparılmış müzakirələr nəticə verib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. XİN rəsmisi bəyan edib ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının missiyasını qəbul etməyə hazırdır:

“Azərbaycan dövlət suverenliyi prinsipini rəhbər tutaraq beynəlxalq missiyaları öz ərazisində qəbul etməyə hazırdır. Bu xüsusda, missiyanın azad olunmuş ərazilərimizdə həyata keçirilməsi ilə bağlı təşkilatdan konkret məlumatın təqdim edilməsini gözləyirik”. Xatırladaq ki, iyunun 28-də Moskvada Rusiyanın Xarici işlər naziri Sergey Lavrov və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi arasında görüş keçirilib. Görüşdə Qarabağ və ətraf rayonlara qaçqın və məcburi köçkünlərin qayıtması məsələsi müzakirə olunub. 10 noyabr tarixli bəyanata müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin Xankəndi və ərtaf rayonlara qayıtması məsələsinə baxılıb. 

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Əvəz Həsənov bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının işğaldan azad olunmuş ərazilərdə missiya həyata keçirməyə razılıq verməsi çox mühüm addımdır:

“Çünki Azərbaycanın bərpa və yenidənqurma prosesindən sonra insanların həmin ərazilərə köçürülməsi zamanı beynəlxalq dəstəyə ehtiyac var. Gənclər bilməz, 1996-cı ildə “CiSCONF” adlı bir proses var idi. O zaman çox çalışırdıq ki, beynəlxalq təşkilatlar neftdən gələn gəlirləri əldə bayraq tutaraq azərbaycanlı qaçqın və məcburi köçkünlər ilə işi təkcə hökumətin üzərinə qoymasınlar. Hətta bu proqram çərçivəsində 2000-ci ildə Praqada təşkil edilən konfransa dövlətin 3 nəfər yüksək vəzifəli şəxslərinin də səfərini təşkil etmişdik. Məqsədimiz o idi ki, Azərbaycandakı vəziyyəti çatdırsınlar. Lakin 2000-ci ildə Bakıda “Humanitar yardımdan İnkişafa doğru” adlı bir konfrans oldu. Ondan sonra çoxlu sayda fövqəladə hallar üçün nəzərdə tutulan layihələr dayandırıldı”.