Paşinyan gələcəkdə daha çox Türkiyə və Azərbaycanla yaxınlaşmaq yolunu seçəcək
Aİİ İnstitutunun direktoru Vladimir Lepexin Ermənistan mətbuatına müsahibəsində bildirib ki, Azərbaycan "artsax"ın utilizasiyası strategiyasını çoxdan hazırlayıb. O qeyd edib ki, artıq bu proses sona yaxınlaşır: "İrəvan isə bu barədə danışıqların mövcudluğunu imitasiya edir. Əslində, “artsax”la bağlı heç bir danışıq yoxdur. Bu mövzu bağlandı".
Onun sözlərinə görə, İrəvan Qarabağa görə Azərbaycanla müharibə aparmaq niyyətində deyil: “Ermənistan faktiki olaraq qərbyönlü siyasət yürüdür. Aydındır ki, bu səbəbdən Rusiya İrəvana dəstək prosesinə qatılmayacaq. Nəticə etibarilə biz Ermənistanın “artsax” ideyasında tamamilə imtina etmək məcburiyyətində qalacağını görəcəyik. Hazırkı şəraitdə Ermənistanın regional inkişafı yalnız bir istiqamətdə baş verə bilər: Bu ölkənin Türkiyənin protektoratına çevrilməsi”.
Mövzu ilə bağlı fikirlərini "Şərq"ə dəyərləndirən VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, Ermənistanla Azərbaycan arasında Qarabağ müharibəsi artıq başa çatıb. Siyasi şərhçi qeyd edib ki, bu vaxta qədər davam edən işğalın arxasında Rusiya gücü dururdu:
"Təbii ki, bu güc olmadan Ermənistan heç nəyə qadir deyil. Hesab edirəm ki, bu səsləndirilən fikirlər həqiqətən də doğrudur. Çünki Ermənistan faktiki olaraq qərbyönlü siyasət yürüdür. Bildiyimiz kimi, Paşinyan da qərbyönlüdür. Hesab edirəm ki, Paşinyan gələcəkdə daha çox Türkiyə və Azərbaycanla yaxınlaşmaq yolunu seçəcək. Azərbaycanın isə növbəti hədəfi tarixi torpaqlarını - Zəngəzur və Göyçəni azad etməsi ola bilər".