Təxribat! “Rusiya regionda təhlükəsizliyi poza bilər” – Sirr pərdəsi çəkilir...


Ermənistanda baş nazir vəzifələrini icra edən Nikol Paşinyan Moskvada  səfərdədir.  Rusiya prezidenti Vladimir Putin yenidən hakimiyyətə gəlməsi münasibətilə onu təbrik edib. Tərəflər arasında hansı məsələlərin müzakirə olunduğu maraq doğurur. Sərhəddə baş verən təxribatlar isə bu şübhələri bir az da artırır. Moskva və İrəvanın istədiyi nədir?

“Sherg.az” olaraq ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmovla bu suallara aydınlıq gətirdik.

- Səfərin məhz indiki məqamda baş tutması nə ilə bağlıdır?

- Bildiyiniz kimi, Paşinyan özünü Qəbmeyilli siyasətçi kimi aparır və həqiqətən, belə davranır. Amma reallıq bundan ibarətdir ki, Rusiyanın Ermənistanda ciddi dayaqları, təsir imkanları var. Paşinyan Moskvanın razılığı olmadan hakimiyyətdə uzun müddət qala bilməyəcəyini yaxşı anlayır. Ona görə yenidən hakimiyyətə gələndən sonra ilk xarici səfərin məhz şimal qonşumuza olması heç də təsadüfi deyil.

- Görüş region üçün nələr vəd edir?

- Bölgədə əleyhimizə nəsə dəyişməyəcək. Belə ki, həm Moskva, həm də İrəvan üçtərəfli bəyanatın şərtlərinin yerinin yetirilməsində, iqtisadi əməkdaşlıqda maraqlıdır.


- Sərhəddəki təxribatlarla görüşün hansı əlaqəsi var?

- Seçkilərin bitməyinə rəğmən, Paşinyanın bütün proseslərə nəzarət etdiyini demək olmaz. Təxribatların Moskvanın tapşırğı ilə olması istisna deyil. Lakin provokasiyalar regiondakı “oyunçuların” siyasətini dəyişmək üçün yox, Paşinyana təsir etməkdən ötrüdür. Ola bilsin, Putin bu addımlarla Paşinyanı daha çox ram etmək istəyir.

- Biz belə situasiyada necə davranmalıyıq?

- Azərbaycan diqqətli olmalıdır. Rus qoşunları regionda olduğ müddətcə təhlükəsizlik istənilən an pozula bilər. Yəni daimi sabitlikdən arxayın olmamalıyıq.

- Ermənistan tərəfdən silahların yenidən işə düşdüyü bir vaxtda növbəti anti-terror əməliyyatların başlanması ehtimalını necə qiymətləndirirsiniz?

- Bu, maraqlarımıza uyğun deyil. Biz regionda iqtisadi əlaqələrin yaranmasına, möhkəmlənməsinə çalışmalıyıq. Ermənistan da başa düşməlidir ki, Azərbaycanla düşmən yox, dost olmaq lazımdır. Fəqət, diplomatik müstəvidə İrəvana lazımi, kəsərli cavablar verilməlidir.