“Mina xəritələrinin alınması prosesi davamlı olacaq”

“Bu dəfə də Rusiya aktiv vasitəçilik edəcək”

“Rəsmi Bakı bütün minalı ərazilərin xəritəsinin alınması üçün erməni terrorçularından sona qədər istifadə edəcək”


Məlumdur ki, 44 günlük İkinci Qarabağ savaşından sonra Ermənistan tərəfi dəfələrlə 10 noyabr 2020-ci il razılaşmasının şərtlərini kobudcasına pozub. Üçtərəfli bəyanata əsasən, rəsmi İrəvan məğlubiyyətə uğrayan tərəf olaraq minalı ərazilərin xəritəsini Azərbaycana təqdim etməlidir. Lakin Ermənistanın prosesdən uzun müddət yayındığının şahidi olduq.

Nəhayət, prosesin baş tutması üçün Azərbaycanda olan erməni terrorçularından bəziləri geri qaytarılmaqla minalı ərazilərin bir qisminin xəritəsi alındı. Gürcüstan vasitəçi kimi çıxış etdi, daha sonra isə Rusiya prosesə qoşuldu. Maraqlıdır, minalı ərazilərin xəritəsinin verilməsi qarşıdakı zamanlarda da davam edəcəkmi?

Mövcud durumla bağlı “Sherg.az”a danışan siyasi şərhçi Asif Nərimanlı vurğulayıb ki, minalı ərazilərin xəritəsinin geri alınmasında əsas yol  Azərbaycanda olan erməni diversantların Ermənistana qaytarılmasıdır:

“İndiyə qədər rəsmi Bakı erməni terrorçularının qaytarılması ilə minalı ərazilərin xəritəsini əldə etmək strategiyasını həyata keçirib. Məlumdur ki, erməni terrorçuları ilə bağlı Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinə qarşı ciddi tələblər var. Seçkidən öncə qaytarılan 15 nəfər erməni diversantın seçki nəticələrinə təsir etdiyini bilirik. Minalı ərazilərin xəritəsinin qaytarılması prosesi davamlı olacaq. Başqa yol yoxdur. Çünki Azərbaycan Prezidenti də dəfələrlə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin daha tez bərpası üçün minalı ərazilərin xəritəsi alınmalıdır. Əks təqdirdə vətəndaşların doğma yurdlarına geri dönməsi, bərpa işləri 10 illərlə vaxt tələb edir. Bəzən təqim edilən xəritələrin reallığı nə dərəcədə əks etdirdiyina dair çoxlu suallar yaranır. Təbii ki, mütəxəssislər bunu araşdırır. İlk dəfə ABŞ-ın vasitəçiliyi ilə humanitar proses baş tutdu. Daha sonra 15 erməni diversantın qaytarılmasında Rusiya vasitəçilik etdi. Əlbəttə, bu da Rusiya və Amerikanın bölgədə siyasi maraqlarından irəli gəlir. Əslində, Rusiya Amerikanın bu humanitar prosesdə iştirakının çox da əleyhinə deyil. Çünki Rusiya üçün əsas məsələ münaqişənin həllində əsas vasitəçi olmaq idi və buna da nail oldu. Lakin rəsmi Moskva Gürcüstanın prosesə qatılmasından narahat idi. Ona görə də Gürcüstandan sonra Rusiyanın erməni terorçularının qaytarılmasına vasitəçilik etməsi gözlənilən idi. Proses davamlı olacaq və bu dəfə də Rusiya aktiv vasitəçilik edəcək”.

A.Nərimanlının sözlərinə görə, növbəti dövrlərdə yenə erməni diversantlarının geri qaytarılması qarşılığında minalı ərazilərin xəritəsinin alınması gözləniləndir:

“Yəqin ki, proses uzun müddət davam etməyəcək. Əsas məsələ Azərbaycanın aldığı xəritələrin dəqiqliyinin nə qədər real olub-olmadığını yoxlaması, sonra prosesə başlamasıdır. Ağdamdakı mina xəritələrindən təxminən 1 ay sonra Zəngilan və Füzulidəki minalı ərazilərin xəritəsi alındı. Deməli, minalı ərazilərin xəritəsi realdır. Qarşıdakı həftə və aylarda bu proses davam edəcək. Paşinyan dünən Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Yəqin ki, növbəti təmas Prezident İlham Əliyevlə olacaq. Bu cür təmasların əsas hədəfi yekun müqavilənin imzalanması ilə bağlıdır. Fikrimcə, rəsmi Bakı bütün minalı ərazilərin  xəritəsnin alınması üçün erməni terrorçularından sona qədər istifadə edəcək”.