Erməni tərəfi rus qoşunlarının sərhəddə cəmlənməsinə öz maraqları baxımından don geyindirirlər
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədlərinə yerləşdirilməsi ilə bağlı əhəmiyyətli müzakirələrin aparıldığını bildirib. Səfir erməni mediasına açıqlamasında deyib ki, rus sərhədçiləri artıq Zəngəzurdadır: “Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhəd hissələrində vəziyyətin sakit və sabit olmasına kömək üçün ərazilərə yerləşdiriliblər”. Sərhədçilərin Geqarkunik də daxil olmaqla, bütün sərhəd boyunca yerləşdirilməsinə gəlincə, Kopırkin bildirib ki, məsələ müzakirə olunur: “Bu mövzuda praktik baxımdan əsaslı müzakirə və məsləhətləşmələr aparılır. Düşünürəm ki, hər şey Ermənistanın təhlükəsizliyi, sərhəddə sabitliyin təmin edilməsi və üçtərəfli formatda əldə olunmuş razılaşmaların həyata keçirilməsi maraqları ilə müəyyənləşdiriləcək”.
Qeyd edək ki, bundan əvvəl Geqarkunik valisi Qnel Sanosyan rus hərbçilərinin Geqarkunikdən Zəngəzura qədər yerləşməsi üçün üçtərəfli danışıqların aparıldığını açıqlayıb. Bir sıra analitiklərə görə, rus qoşunlarının Ermənistan sərhədinə cəmlənməsi, əsasən də Zəngəzur bölgəsinə toplaşması Azərbaycan üçün müəyyən risk təşkil edir.
Siyasi şərhçi Azər Qasımov “Şərq”ə bildirib ki, rus qoşunlarının Ermənistan sərhədində cəmlənməsi fikri əslində özü yanlış yanaşmadır. Ekspert bəyan edib ki, Rusiya qonşumuzdur və təbii olaraq bizimlə sərhəddə qoşunları var, amma bu o demək deyil ki, Rusiya bununla bizə təhlükə yaradır:
“Hazırda regionda baş verən proseslər bundan sonra baş verə biləcək təhlükələrin aradan qaldırılması istiqamətində gedir. Rəsmi Bakı proseslərin təhlükə yaradacaq istiqamətdə irəliləməsinə imkan vermir. Erməni tərəfi rus qoşunlarının sərhəddə cəmlənməsinə öz maraqları baxımından don geyindirirlər. Bu isə çarəsizlikdən irəli gəlir və ermənilərin özlərinə ürək-dirək verməsindən qaynaqlanır. Rusiya öz maraqlarını qorumaq şərti ilə regionda stabillik yaratmaq niyyətindədir. Azərbaycan-Ermənistan sərhədinə öz hərbçilərini yığması iki ölkə arasında baş verə biləcək insidentlərin qarşısını almaq cəhdidir. Eyni zamanda üçtərəfli müqavilənin şərtlərinə görə Zəngəzur dəhlizinin açılması üçün zəmin hazırlamaqdır”.
A.Qasımov vurğulayıb ki, Rusiya öz maraqları qorunduğu təqdirdə regionda təhlükə yaratmağa meyilli deyil:
“Təbii ki, Azərbaycanın da öz maraqları var. Bu baxımdan hazırda elə siyasət aparılır ki, Rusiya bu siyasəti öz maraqlarına təhlükə kimi qəbul etməsin. Hətta müəyyən məqamlarda təhlükə yarandıqda belə Azərbaycan-Türkiyə tandemi bu təhlükələri sovuşdurmaq gücündədir”.