Paşinyan Putini dinlədi, təlimatlarını da aldı
Moskva regional kommunikasiyaların açılması işinin sürətlənməsini istəyir
Ermənistanda Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyaya səfəri çərçivəsində Prezident Vladimir Putinlə görüşüb. Görüş zamanı Putin Nikol Paşinyanı seçkidə qazandığı qələbə münasibəti ilə təbrik edib. Daha sonra ikili münasibətlər və Qarabağ ətrafında baş verən proseslərin müzakirəsi aparılıb. Paşinyan hər zaman olduğu kimi yenə də bütün problemlərin səbəbi kimi Azərbaycanı göstərməyə çalışıb. O deyib ki, Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra Qarabağda vəziyyət sabitdir, ancaq vaxtaşırı qeyri-stabillik ocaqları yaranır: “Təəssüf ki, son zamanlar təhlükəsizliklə bağlı məsələləri tez-tez müzakirə edirik, çünki regionda vəziyyət qeyri-sabitdir.
Əlbəttə, hər kəs sizin və Rusiya Federasiyasının 44 günlük müharibədə atəşkəsin əldə olunması üçün göstərdiyiniz səyləri bilir. Deməliyəm ki, rusiyalı sülhməramlıların yerləşdirilməsindən sonra Qarabağda vəziyyət sabitdir, ancaq vaxtaşırı narahatlıq ocaqları yaranır”. Paşinyan qeyd edib ki, Azərbaycanla Ermənistanın sərhədində də vəziyyət sabit deyil. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyan-Putin görüşünü nəzərdə tutaraq qeyd edib ki, Moskva Ermənistan və Azərbaycan tərəfi ilə daimi kontaktdadır:
“Paşinyan və Putin arasında ikitərəfli münasibətlər barədə ətraflı söhbət aparılıb. Üçtərəfli razılaşmadakı fərqli nüansların reallaşdırılması və ticari-iqtisadi əməkdaşlıq müzakirə olunub. Hər kəs Qarabağla bağlı üçtərəfli razılaşmanın reallaşdırılmasının vacib və alternativsiz olduğu qənaətindədir”.
İndiki məqamda Paşinyanı Moskvaya aparan səbəblərlə bağlı “Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, adətən Ermənistanda seçkilərdən sonra rəhbər şəxslərin ilk səfərləri Rusiyaya olur. Analitik bildirib ki, Paşinyan da bu ənənəni pozmayıb. Lakin Paşinyanın budəfəki səfəri daxili qarışıqlıq və bölgədəki problemlərlə daha çox bağlıdır:
“Seçkidə Paşinyana məğlub olan qüvvələr ruspərəst qüvvələr idi. Müxalifət, daha dəqiq desək, Koçaryan-Sarkisyan cütlüyü özünü Rusiyaya yaxın qruplar kimi təqdim edirlər. Ermənistanda müxtəlif söz-söhbətlər dolaşır, ziddiyyətli yanaşmalar sərgilənir. Yeni hökumətin siyasi kursunun Qərbə istiqamətlənəcəyi ilə bağlı iddialar səsləndirilir. Rusiya rəsmiləri seçkidən sonra Ermənistanda baş verənlərdən, xüsusən Moskva əleyhinə səslənən fikirlərdən narahatlıq duyur və bunu açıq ifadə edirdilər. Eyni zamanda Ermənistan-Azərbaycan sərhədində yaşananlar da ürəkaçan deyil. Erməni tərəfi rəsmi Bakını ittiham edərək, Azərbaycan Ordusunun, guya, Ermənistan sərhədlərindən içəri girdiyini, ölkə ərazisinə “təcavüz” etdiyini tirajlayırlar. Bunun ardınca isə KTMT-nin dərhal müdaxilə etməsini tələb edirlər. Əlbəttə, indiki məqamda bu cür çağırışlar Moskvanın maraqlarına cavab vermir. Rusiya heç bir halda, ən azından indiki məqamda Azərbaycanla üz-üzə gəlmək, münasibətləri korlamaq istəmir. Peskov məhz o səbəbdən açıqlamasında bəyan edib ki, “Moskva rus sərhədçilərini bütün Ermənistan sərhəddi boyu yerləşdirmək fikrində deyil”.
İ.Vəlizadənin fikrincə, Paşinyan mövcud ziddiyyətləri və Moskvanı narahat edən məqamları aradan qaldırmaq üçün Putinlə görüşə yollanıb:
“Səfərin nə dərəcədə uğurlu olduğunu vaxt göstərəcək. Görünən odur ki, Putin dondurulmuş üçtərəfli işçi qrupun, müvafiq komissiyanın fəaliyyətinin yenidən başlanması üçün Paşinyana təlimat verib. Çünki artıq seçki başa çatıb və Paşinyan qalib olub. Moskva regional kommunikasiyaların açılması işinin sürətlənməsini də istəyir. Qısacası, görüşdə Paşinyan Kreml rəhbərini inandırmağa, Putin isə erməni baş naziri müəyyən məsələlərə razılaşmağa və arxayınlaşdırmağa çalışıb”.