Bir sözlə, Ermənistanda Rusiya üçün geri sayım başlayır
“Avropa İttifaqının Şərq tərəfdaşlığı üzrə Ermənistana 1,5 miyard dollar ayırması, bu ölkənin Rusiyanın təsir dairəsindən çıxmasına hesablanıb”. Bu sözləri “Şərq”ə politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, bu vəsait Ermənistana anti-Rusiya isteriyasının davam etməsinə və bu ölkənin KTMT, Avrasiya İttifaqından çıxmasına zəmin yaradılması üçündür:
“Əgər “Qarabağ klanı” hakimiyyətə gəlsəydi, bu vəsait ayrılmayacaqdı. Bundan sonra Avropa İttifaqı Ermənistanda Rusiyanın nəzarətində olan müəssisələrin geri alınması siyasəti üçün Yerevana dəstək verəcək. Nikol Paşinyan orduda Rusiyaya yaxın generalları uzaqlaşdırır. Proses bütün sferada davam edərsə, iqtisadiyyatda da Moskvaya qarşı mövqe ortaya qoyulacaq. Paşinyan öz hakimiyyətini gücləndirdikdən sonra Ermənistandakı Rusiya hərbi bazasının bağlanmasını tələb edə bilər. Bir sözlə, Ermənistanda Rusiya üçün geri sayım başlayır. Rusiyanın Ermənistanda mövqelərinin zəifləməsi regionda ümumi təhlükəsizliyə xidmət edəcək. Bundan əlavə, Paşinyanın Qərbə yönəlməsi və Moskvadan uzaqlaşması Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını tezləşdirə bilər”.