APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.
Türkiyə Böyük Millət Məclisinin sədri deyib ki, Türkiyə Pakistanın Camu və Kəşmirlə bağlı mövqeyini dəstəkləyir: “Türkiyə Azərbaycanın Qarabağ məsələsi ilə bağlı da mövqeyini dəstəkləyir. Türkiyənin Şimali Kiprlə bağlı mövqeyinə də Azərbaycan və Pakistanın dəstək verdiyini ifadə etmək istəyərdim”.
Şimali Kiprlə bağlı Türkiyənin qarant ölkələrdən biri olduğunu söyləyən Mustafa Şentop qeyd edib ki, hazırda Kipr adasında sülh mövcuddur, insanlar öldürülmür : “Ortaq dövlət, federasiya ilə bağlı 47 ildir Kiprdə müzakirələr aparılır. Annan planı ilə bağlı referendumda da Şimali Kipr bu plana dəstək verdi, Cənubi Kipr dəstək vermədi. Ancaq Avropa İttifaqı əksinə, Annan planına dəstək verməyən Cənubi Kipri üzv qəbul etdi. Həm də Cənubi Kipri sanki bütün Kipri təmsil edən tərəf kimi sıralarına qəbul etdi. Ona görə də Şimali Kipr Türk Cümhuriyyəti artıq adada iki fərqli xalq olduğunu və iki ayrı dövlət olması gərəkdiyini bəyan etdi. Bu mövqe BMT-nin Cenevrə toplantısında da bəyan edildi. Türkiyə də Şimali Kipr Türk Cümhuriyyətinin bu mövqeyini dəstəkləyir”.