ABŞ-ın regionla bağlı qaranlıq planları var

Əfqanıstandan sonra qoşunların İraqdan çıxarılması təsadüfi deyil


"Co Bayden Əfqanıstan qərarından sonra ABŞ qoşunlarının İraqdan da çəkilməsi ilə bağlı qərar qəbul etdiklərini açıqladı. İraq Baş naziri Mustafa əl-Kazıminin ABŞ-a səfər etməsi və ABŞ Prezidenti Co Baydenlə görüşməsi tərəflər arasında hansısa prosesin getdiyini göstərirdi. Tərəflər arasında keçirilən görüşdən sonra verilən açıqlamada ABŞ-ın İraqdan qoşunlarını ilin sonuna kimi geri çəkməsi haqqında qərarını açıqlaması bəzi şübhələrin yaranmasına səbəb oldu.

Co Bayden bildirib ki, ABŞ hərbi qüvvələrin çəkilməsindən sonra da İraq ordusuna terrorizmlə mübarizə və təlimlərdə dəstək verməyə davam edəcək". 

Bu fikirləri siyasi-şərhçi Samir Hümbətov "Şərq"ə açıqlamasında deyib. O qeyd edib ki, ABŞ prezidenti açıqlamasında bəzi qaranlıq fikirlər səsləndirib:

"O bildirib ki, "İraqda işlərin yaxşı getdiyinə inanıram. Bu vəziyyətdə İraqdakı rolumuz lazımi məqama hazır olmaq, yardımlar etmək, baş qaldırdıqda İŞİD-lə mübarizə şəklində olacaq. Amma ilin sonuna qədər hərbi missiyamız başa çatacaq”. Co Baydenin bu çıxışından belə qənaətə gəlmək olar ki, ABŞ İraqda da Əfqanıstan senarisi üzrə hərəkət edir. ABŞ prezidentinin  çıxışı zamanı səsləndirdiyi bəzi fikirlər isə şübhəli məqamların olmasına açıq işarədir".

S.Hümbətov qeyd edib ki, ABŞ-ın Əfqanıstanda olduğu kimi İraqdan da tələsik şəkildə çıxması ABŞ-ın regionla bağlı hansısa qaranlıq planlarının olmasına şübhələri artırır:

"ABŞ-ın İraqdakı mümkün senariləri bu şəkildə ola bilər. Birincisi, Əfqanıstanda "Taliban"ın aktivləşməsi və ölkənin əksər ərazilərini nəzarətə götürməsi reallaşır. Eyni zamanda İraqda da İŞİD yenidən aktivləşdirilə və regionda qeyri-sabitlik davam etdirilə bilər. Həmçinin, İraqda yerləşən və İrana bağlı silahlı qruplarla İŞİD arasında münaqişənin daha da alovlandırılması gözlənilir.

Digər senari, ABŞ  Şimali İraqda Kürdistan Muxtariyyətinə dəstəyini artırmaq və Şimalda Peşmərgəni İraq mərkəzi hökumətinə qarşı daimi təzyiq vasitəsi kimi istifadə etmək niyyətindədir.

Üçüncüsü, ABŞ PKK, PYD, YPG və digər terror təşkilatlarının fəaliyyətini aktivləşdirmək, onları silah-sursatla təmin etmək və bu terror qrupları vasitəsi ilə Türkiyəyə təsir etmək cəhdlərini həyata keçirmək istəyir. Daha çox hissəsi Şimali İraqda yerləşən İraq neft sənayesini Kürdistan Muxtariyyəti vasitəsi ilə nəzarətdə saxlamağa çalışacaq.

Görünən odur ki, Yaxın Şərqdə yenidən vəziyyət gərginləşməyə doğru getməkdədir. İraqda yaranacaq növbəti qeyri-sabitlik demək olar ki, bütün Yaxın Şərqə öz təsirini göstərə bilər".