Azərbaycan, Türkiyə və Pakistanın strateji müttəfiqliyi regional proseslərdə həlledici olacaq
"Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması tarixi-mənəvi və siyasi-strateji baxımdan olduqca mühüm əhəmiyyətə malikdir. Bu, dost, qardaş və strateji tərəfdaş olan üç ölkə arasında çoxşaxəli münasibətlərin yeni mərhələdə daha da möhkəmləndirilməsinə xidmət edən, tərəflər üçün yeni perspektivlər yaradan strateji faktordur".
Bu fikirləri "Şərq"ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloq qeyd edib ki, tərəflər arasında parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi, eyni zamanda əməkdaşlığının dərinləşdirilməsi, inteqrasiyanın intensivləşdirilməsi prosesinə vacib töhfədir:
"Dünya siyasətində nüfuzlu aktor kimi tanınan, müasir beynəlxalq münasibətlər sisteminin güc iyerarxiyasında mütəmadi yüksəlişə malik Azərbaycan, Türkiyə və Pakistan çoxtərəfli münasibətlərin inkişafını strateji prioritet kimi müəyyənləşdiriblər. Bu ölkələr arasında çoxvektorlu münasibətlər praqmatik xarakter və qlobal önəm daşıyır. Xüsusilə də, qarşılıqlı etimad mühiti münasibətlərin inkişafına xidmət edən strateji faktor kimi çıxış edir. Üç dövlətin əlaqələrinin inkişafına təsir edən digər bir sıra amillər də mövcuddur. Məsələn, Azərbaycan, Türkiyə və Pakistan terrorizmə, islamofobiyaya qarşı qətiyyətli mübarizə aparırlar.
Multikulturalizmin, tolerantlığın təbliği, sivilizasiyalararası dialoqun təşviqi tərəflərin strateji kursunun mühüm tərkib hissəsini təşkil edir. Ən mühüm məqamlardan biri budur ki, hər üç ölkə beynəlxalq arenada milli-strateji maraqların müdafiəsi istiqamətində bir-birinə ciddi dəstək göstərir. Bu da münasibətlərin yeni keyfiyyət çalarları ilə zənginləşməsi, regional, qlobal xarakterli proseslərə təsir baxımından əhəmiyyətlidir. 44 günlük müharibə zamanı və postkonflikt dövründə Türkiyə və Pakistanın Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək göstərməsi isə bu kontekstdə xüsusi vurğulanmalıdır".
N.Qələndərlinin sözlərinə görə, Avrasiyada yeni aparıcı güc mərkəzi formalaşır:
"Azərbaycan, Türkiyə və Pakistanın strateji müttəfiqliyi Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir. Bu yeni güc mərkəzinin fəaliyyəti, heç şübhəsiz, rifah və inkişaf vəd edir. Regional və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə, təhlükəsizliyin təmin olunmasına xidmət göstərir. Yəni Azərbaycan-Türkiyə-Pakistan strateji müttəfiqliyi müasir dünya siyasətində pozitiv faktor kimi beynəlxalq münasibətlərin gələcəyi üçün yaxşı perspektivlər açır".